Azərbaycan Pakistandakı səfiri “Azərbaycan:Tarixi Keçmişi və Müasir Reallıqlar” mövzusunda məruzə ilə Pakistan Universitetində çıxış edib.
Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistanın İQRA Universitetində Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan: Tarixi Keçmişi və Müasir Reallıqlar” mövzusunda məruzə ilə çıxış edib.
Səfir Azərbaycanın tarixi keçmişi, ərazisi, əhalisi, quruluşu, qədim Azərbaycan dövlətləri, bu il 100 illik yubileyi tamam olan müsəlman aləmində ilk demokratik respublika olmuş Azərbaycanın Demokrat Respublikasının yaranması, atributları, dövlətçiliyi, parlamenti, ordusu, inkişafı, beynəlxalq aləmdə tanınması, mövqeyi və digər fəaliyyəti haqqında tələbələrə geniş məlumat verib. Ermənistanın Azərbaycana qarşı təcavüzünün, azərbaycanlılara qarşı həyata keçirdiyi qətliamların, soyqırımların qədim tarixinin olduğunu bildirən Əli Əlizadə Azərbaycan Demokrat Respublikasının dövründə də Azərbaycan əhalisinin bu soyqırımlarla üz-üzə qaldığını və böyük qurbanlar verdiyini qeyd edib.
Səfir müasir dövrdə də Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin davam etdiyini, havadarlarının dəstəyi, müxtəlif hiyləgərlik yollları və Azərbaycan xalqının humanistliyindən istifadə edərək qədim Azərbaycan torpaqlarında məskunlaşan ermənilərin xalqımıza qarşı daim arxadan zərbə vuraraq torpaqlarımızı zəbt etdiyini, böyük qırğınlar həyata keçirdiyini, 30 mindən çox günahsız azərbaycanlıları, qoca, qadın, uşaqları qətlə yetirdiklərini, işğal olunmuş torpaqlarımızda islam aləminə, milli irs və mədəniyyətimizə aid bütün abidələri, məscidləri, tikililəri dağıtdığını və ya təhqirə məruz qoyduqlarını bildirib. BMT Təhlükəsizlik Şurasının və digər bütün nüfuzlu beynəlxalq təşkilatların qəbul olunmuş qətnamələrinə, tələblərinə məhəl qoymayan Ermənistanın aqressiv siyasətinin get gedə daha da sərtləşdiyini və qarşısının mütləq şəkildə alınması gərəkdiyini bildirərək, Pakistanın Dağlıq Qarabağ münaqişəsində tutduğu ədaləti mövqeyinin yüksək qiymətləndirildiyini qeyd edib.
Səfir aparılan müharibə və çətinliklərə baxmayaraq müasir Azərbaycanımızın sürətlə inkişaf etdiyini, ölkə Prezidentinin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın bir çox dövlətləri, xüsusən Ermənistanı bütün sahələrdə dəfələrlə üstələdiyini, dünya miqyasında və regionda söz sahibi olan dövlətə çevrildiyini diqqətə çatdırıb. Səfir müasir Azərbaycanın xarici siyasəti, dünya dövlətləri, eləcə də dost Pakistan İslam Respublikası ilə əlaqələri haqqında da məruzə edərək, həyata keçirilən işlər və əməkdaşlıqlara nəzər yetirib, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda mütəmadi həyata keçirilən humanitar və sosial layihələr haqqında tələbələri məlumatlandırıb.
Əli Əlizadə müasir Azərbaycanın sosial-iqtisadi inkişafı, nailiyyətləri, həyata keçirdiyi nəhəng layihələri, tranzit dəhlizləri, mədəniyyəti, elmi, incəsənəti və turizmi haqqında da tələbələri məlumatlandıraraq onları maraqlandıran müxtəlif sualları cavablandırıb.