Pakistan İslam Respublikasının yeni seçilmiş Prezidenti Dr. Arif Alvi Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadəni qəbul etmişdir.
Pakistan Prezidentinin Administrasiyasının binasında (Eyvan-e-Sədr) keçirilən görüşdə səfir Əli Əlizadə qəbula və görüşə görə təşəkkür edərək, Azərbaycan Respublikası Prezidentinin təbrik və xoş salamlarını Dr. Arif Alviyə çatdırmışdır. Azərbaycanın hər zaman Pakistanı güclü, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istədiyini qeyd edən Əli Əlizadə, Azərbaycan Respublikası Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı bir dövlət kimi tanımayan və ölkəmizin ədalətli mövqeyini daim dəstəkləyən Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu diqqətə çatdırmışdır. Azərbaycanın da Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü olduğunu və Kəşmir məsələsinin BMT TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu vurğulayan səfir, beynəlxalq və regional məsələlərdə də hər iki ölkənin bir-birini dəstəklədiyini bildirmişdir. Səfir iki ölkənin daim inkişaf edən əlaqələrinin hazırkı vəziyyəti, həyata keçirilən iqtisadi, ticari, hərbi-texniki, turizm, humanitar və sosial yönümlü layihələr, nəzərdə tutulan yeni əməkdaşlıqlar haqqında məlumat verərək, ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan rəhbərlərinin xüsusi rolunun olduğunu vurğulamışdır.
Pakistan Prezidenti Dr. Arif Alvi xoş salamlarının və dərin ehtiramlarının Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş edərək, təbrikə görə təşəkkür etmiş, Azərbaycan Respublikası Prezidentini hər zaman Pakistanda görməkdən məmnun olacağını bildirmişdir. Pakistan Prezidenti Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək hərbi-texniki, müdafiə, iqtisadi və ticari, mədəni və elmi əlaqələrin daha da inkişafının zəruri olduğunu və bu istiqamətlərdə hər iki ölkənin dövlət qurumlarının daha yaxından çalışması gərəkdiyini bildirmişdir. Prezident Dr. Arif Alvi Azərbaycanın müstəqilliyini bərpa etdiyindən bəri Pakistan Hökumətinin hər zaman Azərbaycanı dəstəkləməsindən şad olduğunu və bunun davam edəcəyini, Azərbaycan torpaqlarını işğal etdiyi üçün Pakistanın Ermənistanı bir dövlət kimi tanımadığını və Dağlıq Qarabağ məsələsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması gərəkdiyini vurğulamışdır. Pakistan Prezidenti iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Azərbaycan Prezidenti və birinci xanım Mehriban Əliyevanın xüsusi xidmətlərinin olduğunu, birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar və sosial yönümlü layihələrin yüksək qiymətləndirildiyini bildirmişdir.
Pakistan Prezidenti Dr. Arif Alvi bir daha səfirə fəaliyyətində uğurlar arzulamış, iki ölkə arasındakı əlaqələrin daha da inkişafına Pakistanın hər zaman dəstək verəcəyini qeyd etmişdir.