2018-11-26

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi İslamabad şəhərində Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyası tərəfindən təşkil olunan ənənəvi xeyriyyəçilik bazarında iştirak etmişdir.

Xarici dövlətlərin Pakistandakı səfirliklərinin, eyni zamanda yerli şirkətlərin iştirak etdiyi bazarda ölkələrin milli və mədəni dəyərlərinə, adət-ənənələrinə, turizm potensialına, iqtisadiyyatına və digər sərvətlərinə dair materiallar sərgiyə çıxarılmışdır.

Tədbirin açılış mərasimini həyata keçirən ali qonaq, Pakistanın birinci xanımı Samina Alvi çıxışında Qadınlar Assosiasiyasının xeyriyyəçilik tədbirinin müxtəlif xalqlar və mədəniyyətlər arasında vəhdət və həmrəyliyi təmsil etdiyini bildirmiş və Assosiasiyanın Pakistanda yoxsulların dəstəyi naminə həyata keçirdiyi xeyriyyəçilik aksiyalarını təqdir etmişdir.

Pakistan xarici işlər nazirinin həyat yoldaşı xanım Mehrin Qureyşi, Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyası prezidenti xanım Anila Həsən nitqlərində 1947-ci ildən başlayaraq təşkilatın məramları, imkansız insanlara yardımı, keçirdiyi tədbirlər haqqında məlumat verərək, bu ilki bazarın “Müxtəlifliyin qeyd olunması” adı altında təşkil olunduğunu, xeyriyyəçilik məqsədilə yanaşı mədəni müxtəlifliyin təbliğinə və birliyə xidmət etdiyini diqqətə çatdırmışlar.

Çıxışların ardınca “Ölkələr Paradı”nda da təmsil olunan Azərbaycan Səfirliyi tərəfindən Azərbaycan bayrağı Azərbaycan milli geyimində diplomatlarımızın övladları tərəfindən səhnəyə gətirilmiş, dalğalandırılmış, həmçinin tədbirin mədəni hissəsində Nəzrin Əlizadənin ifasında Azərbaycanın “Nəlbəki” milli rəqsi tamaşaçılara təqdim olunmuşdur. Azərbaycan Səfirliyi “Ölkələr Paradında” və mədəni proqramda təmsil olunan azsaylı səfirliklərdən olmuşdur.

Azərbaycan Səfirliyinin pavilyonunda isə Azərbaycan mətbəxinin ləziz nümunələrindən qoğal, şəkərbura, dolma, paxlava, qutab və sair təamlar, Azərbaycanın milli geyimləri, həmçinin Azərbaycan tarixini və mədəniyyətini təzahür etdirən milli suvenirlər, İçəri Şəhərin, Nizami məqbərəsini, Mömünə Xatın türbəsini, Qız Qalasını, eləcə də milli musiqi alətlərini, aşıq sənətini və digər mədəniyyət nümunələrimizi əks etdirən maketlər, Ermənistanın Azərbaycana qarşı təcavüzündən, Azərbaycan-Pakistan əlaqələrindən, Azərbaycanın görkəmli şəxsiyyətlərindən, Azərbaycanın turizm potensialından, sosial-iqtisadi inkişafından və digər Azərbaycan həqiqətlərindən bəhs edən kitablar, fotoşəkillər xeyriyyə bazarında nümayiş etdirilmişdir.Tədbirə qatılanlar Azərbaycan pavilyonuna böyük maraq göstərmiş və milli musiqimiz alqışlarla qarşılanmışdır.

Pakistanın birinci xanımı Samina Alvi və digər rəsmi qonaqlar, o cümlədən, Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi səfirliklər arasında zəngin təşkil olunanlardan sayılan Azərbaycan pavilyonunu ziyarət etmiş, Azərbaycan təamlarının dadına da baxmışlar.

Xeyriyyəçilik bazarında Azərbaycan Səfirliyinin pavilyonundan əldə olunan vəsait yoxsul insanların ehtiyaclarına sərf olunan Pakistan Xarici İşlər Nazirliyi Qadınlar Assosiasiyasının fonduna təqdim edilmişdir.

Arxiv üzrə axtarış