2019-01-21

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistanın Quaid-i-Azam Universitetinin yeni vitse-rektoru, professor-doktor Məhəmməd Əli ilə görüşüb.

Quaid-i-Azam Universitetində keçirilmiş görüş zamanı səfir Azərbaycanla Pakistan arasında ali təhsil sahəsində həyata keçirilmiş layihələr haqqında söhbət açıb,  Bakı Dövlət Universitetində urdu dili fakultəsinin fəaliyyət göstərdiyini qeyd edib. Pakistanlı tələbələrə Azərbaycan Höküməti tərəfindən ayrılan təqaüd proqramları haqqında məlumat verən  səfir Əli Əlizadə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən Pakistanda elm və təhsil sahəsində həyata keçirilən sosial-humanitar layihələrin əhəmiyyətini vurğulayıb, Pakistanın Quaid-i-Azam Universiteti ilə əlaqələrin daha da genişləndirilməsi, universitetdə Azərbaycana dair təsisatların yaradılması imkanları haqqında fikir mübadiləsi aparıb.

Pakistanın Quaid-i-Azam Universitetinin vitse-rektoru professor-doktor Məhəmməd Əli Azərbaycanla-Pakistan arasında olan oxşarlıqların və bağların hər iki ölkənin xalqlarını daha da yaxınlaşdırdığını bildirərək Quaid-i-Azam Universitetinin əməkdaşlığı davam etdirməyə və daha da artırmağa hər zaman hazır olduğunu bildirib.

Görüşdə ali təhsil sahəsində yeni əməkdaşlıq imkanlarının öyrənilməsi, tələbə və müəllim mübadiləsinin, elmi tədqiqatların nəzərdən keçirilməsi, qarşılıqlı səfərlərin davam etdirilməsi qərara alınıb.

Məlumat üçün bildirilir ki, Pakistanın Quaid-i-Azam Universiteti ölkənin ən nüfuzlu və ilk yaradılmış universitetlərindən sayılır və Quaid-i-Azam Universitetinin rektoru Pakistan Prezidentidir.

Arxiv üzrə axtarış