2019-01-29

Səfir Əli Əlizadə: “Azərbaycanla Pakistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq güclənir”

Azərbaycanın İslamabaddakı səfiri Əli Əlizadə ölkəsinin Pakistanla hərbi sahədə əlaqələri gücləndirmək istədiyini bəyan edib. Səfir ümid edir ki, rəsmi Bakının İslamabadla təhlükəsizlik sahəsində əməkdaşlığı Dağlıq Qarabağ münaqişəsinin effektli həllinə yardım göstərəcək.

Diplomat deyir ki, hər iki ölkə terrordan və ekstremizimdən əziyyət çəkir. Odur ki, Azərbaycanla Pakistan ikitərəfli əməkdaşlıq çərçivəsində bir-birinə dəstək verə bilər.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə DND nəşrinin baş redaktoru Aqa İqrar Haruna eksklüziv müsahibəsində deyib ki, ölkəsilə Pakistan arasındakı hərbi sahədə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir: “Çünki hər iki ölkə uzun müddətdir oxşar cəhətlərə malik problemi həll etməyə çalışır”. Səfir Pakistanın terrorçuluqla mübarizədə misli görünməmiş qurbanlar verdiyini xatırladıb: “Azərbaycan isə öz növbəsində, Ermənistanın vəhşiliyindən və qəddarlığından əziyyət çəkir”.

Qeyd edək ki, Ermənistanla Azərbaycan illərdir ki Dağlıq Qarabağ və ona bitişik 7 rayon uğrunda mübarizə aparır. Bu ərazilər Ermənistan tərəfindən qeyri-qanuni olaraq işğal edilib.

“Təcavüzkar Ermənistan torpaqlarımızın 20%-ni işğal edib. Təəssüf ki, Azərbaycanda 1 milyondan çox insan hələ də qaçqın və məcburi köçkün həyatı yaşayır”, - deyə Ə.Əlizadə qeyd edib. Diplomat Ermənistanın ölkəsinə qarşı dəhşətli qətliam və soyqırım törətdiyini də yada salıb: “Bu il fevralın 26-da ölkəmizdə Xocalı soyqırımının 27-ci ildönümü anılacaq”.

Ə.Əlizadə hesab edir ki, indiki şəraitdə Azərbaycanla Pakistan bir-birinə qarşılıqlı olaraq, təcrübələrindən istifadə etməklə də yardım göstərə bilər. “Bakı ilə İslamabad arasında hərbi sahədə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Biz hərbi əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində maraqlıyıq”, - deyə o, bildirib.

İki ölkə arasındakı ticarət əlaqələri haqqında suala cavablandıran Əlizadənin sözlərinə görə, Azərbaycanla Pakistan arasında ikitərəfli ticarət əlaqələri tədricən artır. Məsələn, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 25% artıb. Səfir hesab edir ki, Bakı ilə İslamaba ikitərəfli ticarət əlaqələrini daha da genişləndirmək üçün lazımi potensiala malikdirlər: “Bu sahədə imkanlar genişdir. Odur ki, gələcəkdə ikitərəfli ticarət əlaqələrində bu imkanlardan faydalanılacaq”.

Ə.Əlizadə ölkələrin enerji sahəsində də əməkdaşlığa başlaya biləcəyini düşünür. Məsələn, Azərbaycan artıq Pakistana neft və neft məhsulları tədarükünü təklif edib.

Bakı ilə İslamabad enerji sektoru ilə yanaşı, kənd təsərrüfatı daxil olmaqla, digər sahələrdə də əməkdaşlıq imkanlarını müzakirə edir. Pakistan Azərbaycandan kənd təsərrüfatı məhsulları idxal edə, həmçinin Azərbaycana düyü, meyvə, idman və cərrahi məhsullar sata bilər.

Ə.Əlizadənin fikrincə, Azərbaycanla Pakistan məhsul tədarükü məqsədilə bir-birinin bazarını araşdırmalıdır. Səfir deyir ki, bu istiqamətdə real təşəbbüslər irəli sürülərsə, iki ölkə arasında ticarət dövriyyəsi qısa müddətdə artacaq.

“Xalqlar arasındakı əlaqələri necə yaxşılaşdırmaq olar?” sualına diplomat belə cavab verib: “Pakistandan Azərbaycana səfər edənlərin sayında artım var. 2017-ci ildə qarşılıqlı səfərlər edənlərin sayı ümumilikdə 4 min nəfər olmuşdusa, ötən ilin sonunda bu, 41 mindən çox idi”.

Ə.Əlizadə deyir ki, pakistanlı turistlər Azərbaycanın gözəl təbiətindən zövq almaq üçün ölkənin xüsusilə Bakı, Gəncə, Naxçıvan, Quba və Qəbələ kimi məşhur şəhərlərini ziyarət edir: “Bu gün Azərbaycandan Pakistana səfər edənlərin də sayında artım var. Bu, bizi məmnun edir”.

Səfirin fikrincə, xalqlar arasında münasibətlər mədəniyyət, elm və təhsil mübadiləsilə bağlı proqramlar əsasında da inkişaf etdirilə bilər: “Ölkələrimiz mədəni mübadilə proqramlarını genişləndirməlidir. Ötən il Pakistanda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı tədbir daxil olmaqla, bir çox tədbir keçirmişik. Bundan başqa, Lahor və İslamabadda mədəniyyət günləri, həmçinin Azərbaycanın Müstəqillik günü və Silahlı Qüvvələr günü ilə bağlı tədbirlər təşkil olunub”. Ə.Əlizadənin fikrincə, Azərbaycanla Pakistan rəsmi tədbirlər də təşkil edə, televiziyada mədəniyyət proqramları və filmlər nümayiş etdirə bilər: “Ölkələrimiz bununla zəngin tarixlərini, həmçinin turizm məkanlarını və dəyərlərini nümayiş etdirərdi”.

Bu gün Azərbaycanda çox sayda pakistanlı tələbə təhsil alır. Onlar öz növbələrində, daha çox azərbaycanlı tələbəni Pakistan universitetlərinə cəlb etməyə çalışır.

“Ölkələrimiz bir-birinə çoxsaylı təqaüd proqramları da təklif edə bilər”, - deyə səfir vurğulayıb. Onun fikrincə, alim və professorlarımızın təhsil mübadiləsi sayəsində iki ölkə arasındakı əlaqələri daha da dərinləşdirməsi mümkündür.

Sonda Əli Əlizadə DND informasiya agentliyinə iki ölkə arasındakı əlaqələrin inkişafına töhfə verdiyinə görə təşəkkürünü bildirib: “Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin inkişafına yardım göstərdiyinə görə, DND informasiya agentliyinə təşəkkürümü bildirirəm”.

Arxiv üzrə axtarış