2019-02-15

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının Milli Assambleyasnın sədri Əsəd Qayser ilə görüşüb.

Əli Əlizadə Azərbaycan Milli Məclisi sədrinin salamlarını  Assambleyanın spikerinə çatdıraraq, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib. Ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, bütün beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiyini bildirən səfir Azərbaycan və Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu qeyd edib. Səfir 2012-ci ildə Pakistan Senatının xarici əlaqələr komitəsi, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının xarici işlər üzrə daimi komitəsinin Xocalı Soyqırımını tanıyan, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin qəbul edilməsinin bu dostluğun və qardaşlığın bir təzahürü olduğunu və daim minnətdarlıqla qarşılandığını vurğulayıb.

Pakistan Islam Respublikası Milli Assambleyasının sədri xoş salamlarının Azərbaycan Milli Məclisinin sədrinə çatdırılmasını xahiş edib və onu Pakistanda görməkdən məmnun olacağını vurğulayıb. Spiker Pakistanın Azərbaycanla olan yaxın dostluq və qardaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini və bu əlaqələrin gücləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Milli Assambleyada yeni Pakistan-Azərbaycan parlamentlərarası dostluq qrupunun formalaşdığını bildirən spiker bu qrupa Pakistanın 100-dən artıq millət vəkilinin qoşulduğunu və bunun Azərbaycana artan marağın göstəricisi sayıldığını, Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirib. Azərbaycan və Pakistanın bir birinə dəstəyinin önəmini vurğulayan Əsəd Qayser parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində işlərin davam edəcəyini, bununla yanaşı digər sahələrdə də əlaqələrin genişlənməsinə dəstəyin göstəriləcəyini qeyd edib.

 

Arxiv üzrə axtarış