2019-05-01

Pakistan-Azərbaycan Məzunlar Assosiasiyasının təşkilatçılığı ilə “Uşaqların müdafiəsində cəmiyyətin rolu və məsuliyyəti” mövzusunda seminar Pakistanda keçirilmişdir.

Pakistanın Şəhid Zülfiqar Əli Bhutto adına Elm və Texnologiya İnstitutu ilə birgə həmin institutun İslamabad şəhərində yerləşən filialında təşkil olunmuş seminarda  uşaqların hüquq və mənafeyinin qorunmasında cəmiyyətin rolu və məsuliyyətinə diqqət çəkilmiş, Dağlıq Qarabağ münaqişəsi və digər bu kimi münaqişələrin uşaqlara verdiyi fəsadlara toxunulmuşdur.

Pakistan-Azərbaycan Məzunlar Assosiasiyasının həmtəsisçisi Qeysər Nəvab mövzu ilə bağlı çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, həmçinin Kəşmir, eləcə də digər oxşar  münaqişələr səbəbindən 10 minlərlə uşağın evsiz-eşiksiz qaldığını, ailəsini itirdiyini, əsir düşdüyünü vurğulamışdır. O həmçinin, uşaqları müdafiə etmək üçün sistemli yanaşmanın labüd olduğunu, bu məqsədlə hökumətlərin, ailələrin, akademik dairələrin, biznes sektorunun, qeyri-hökumət təşkilatlarının əlaqələndirilmiş fəaliyyətinin müsbət nəticələr doğuracağını söyləmişdir.

Seminara ali qonaq qismində dəvət olunmuş  Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə çıxış edərək uşaqların cəmiyyətin ən həssas təbəqəsi olduğunu bildirmiş, hər bir uşağın təhlükəsiz və qayğıkeş mühitdə, zorakılıq və təhqirdən uzaq yaşamaq hüququ olduğunu vurğulamışdır. Uşaqların müdafiəsində dövlətlərin və cəmiyyətlərin rolunu və məsuliyyətini sadalayan səfir ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsinin Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunlarla tənzimləndiyini diqqətə çatdırmışdır. “Lakin təkcə müvafiq qanunların qəbul edilməsi ilə işi bitmiş hesab etmək olmaz. Azərbaycan Hökuməti bütün uşaqların hüquqlarının tam təmini, o cümlədən valideynini itirmiş, əlil, qüsurlu, qayğıya ehtiyacı olan, həmçinin xüsusi istedadlı uşaqların, yeniyetmələrin müdafiəsi sahəsində əməli addımlar atmışdır.” Səfir qeyd etmişdir ki, Azərbaycan uşaqların müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusən də UNİCEF-lə əməkdaşlıq edir və bir çox beynəlxalq təşkilatlar qəbul edirlər ki, Azərbaycan uşaqların parlaq gələcəyini təmin etmək üçün məqsədyönlü dövlət siyasəti yeridir.

Ə.Əlizadə çıxışında gender bərabərliyi, uşaqların təhsili, onlar üçün tibbi xidmətlər, uşaq əməyindən istifadənin qarşısının alınması, müasir rəqəmsal ortamda uşaqların zərərlərdən qorunması, uşaqlardan hərbi münaqişələrdə istifadə edilməsinə qarşı mübarizə və s. mövzulara da toxunmuşdur. “Bizim ölkəmizdə də uşaqların həssas bir qrupu vardır ki, bunlar Azərbaycana qarşı erməni təcavüzünün qurbanı olan qaçqın və məcburi köçkün uşaqlardır. Hazırda ərazilərimizin 20%-i Ermənistanın işğalı altındadır və ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün yaşayır ki, bunların da 40%-ni uşaqlar təşkil edir. Azərbaycan Hökuməti beynəlxalq təşkilatların da dəstəyi ilə həssas uşaqların müdafiəsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlət tərəfindən xüsusi olaraq müdafiə olunur.”

Sonda səfir bildirmişdir ki, bizim bugünkü məqsədimiz uşaqlarımızı təhlükəsiz, sağlam, ağıllı, təhsilli, vətənpərvər və bütün hüquqları müdafiə olunan halda görməkdir və bütün bunlara nail olmaq üçün kollektiv şəkildə səy göstərməliyik.   

Şəhid Zülfiqar Əli Bhutto adına Elm və Texnologiya İnstitutunun Islamabad filialının rəhbəri Xusro Pərviz Xan və digər çıxışçılar da uşaqların hüquq və mənafeyinin qorunmasına, müdafiəsinə diqqəti daha da artırmağa çağırmış, Azərbaycanın bu yöndə həyata keçirdiyi siyasətin təqdirəlayiq olduğunu bildirmişlər.

Sonda seminarın çıxışçıları və təşkilatçılarına plaketlər təqdim edilmiş, həmçinin simvolik yürüyüş keçirilmişdir.

 

Arxiv üzrə axtarış