Pakistanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ağacəkmə Mərasimi” və “Heydər Əliyev və Muhəmməd Əli Cinnahın təhsil siyasəti” mövzusunda seminar keçirilib.
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşkilatçılığı və Pakistan Milli Kitabxanasının əməkdaşlığı ilə baş tutmuş ağacəkmə mərasimində Pakistanın Təhsil və Peşəkar Təlim nazirinin müavini, Federal Parlament katibi və Milli Assambleyanın üzvü xanım Vaciha Əkrəm, millət vəkilləri, Pakistan Xarici İşlər Nazirliyinin İdarə rəisləri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri, tələbələr iştirak ediblər.
Pakistan Milli Kitabxanasının həyatyanı sahəsində keçirilmiş ağacəkmə mərasimində Umummilli Liderin xatirəsinə ehtiram olaraq çinar ağacları əkilib, iştirakçılar kitabxanada Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Azərbaycanşunaslıq mərkəzində yerləşən Heydər Əliyev güşəsinə baş çəkib, Heydər Əliyevin həyat və fəaliyyətinə dair əyani materiallarla, kitab və şəkillərə tanış olublar.
Həmin gün “Ağacəkmə Mərasimi”nin ardınca “Heydər Əliyev və Muhəmməd Əli Cinnahın təhsil siyasəti” mövzusunda seminar da Pakistan Milli Kitabxanasında Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə Quran ayələrinin oxunması ilə başlayan seminarda çıxış edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə hər iki milli liderlərinin öz həyatlarını öz olkələrinin tərəqqi və rifahına həsr etdiklərini və onların tariximizdə xüsusi yerə malik olduqlarını vurğulayıb. Səfir, cəmiyyət və ölkələrin tərəqqisi üçün milli liderlərin həyata keçirdikləri siyasətin önəmli hissəsindən birini də təhsilin inkişafı və onun əhəmiyyətinin düzgün qiymətləndirilməsinin təşkil etdiyini bildirib. Ə.Əlizadə Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin elm və təhsilin inkişafına böyük diqqət ayırdığını və bu sahələrin inkişafı üçün müasir prinsiplərə cavab verən addımlar atdığını söyləyib. Səfir müstəqillik əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi islahatların qlobal xarakter daşıdığını və bu islahatlar ölkənin hazırkı rəhbərliyi tərəfindən də inamla davam etdirildiyini bildirib.
Səfir Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Fondunun da Hökumətin həyata keçirdiyi təhsil siyasətinə güclü dəstək verdiyini və “Yeniləşən Azərbaycana yeni məktəb“ kimi müxtəlif layihələr çərçivəsində ölkədə yüzlərlə məktəb binası inşa etdiyini qeyd edib. O, hazırda ölkəmizdə ibtidai və orta təhsilin icbari olduğunu, savadlılıq səviyyəsinin isə 99% təşkil etdiyini vurğulayıb. Əli Əlizadə Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar və dost ölkələrlə də təhsil sahəsində əməkdaşlıq etdiyini, həm xarici ölkə vətəndaşları üçün ölkəmizdə müxtəlif təhsil imkanlarının təklif olunduğunu, həm də BMT-nin Davamlı İnkişaf Məqsədlərinə çatmaq üçün digər ölkələrdə təhsil sahəsində həyata keçirilən müxtəlif layihələrə dəstək verildiyini də diqqətə çatdırıb. “Biz Pakistanla təhsil sahəsindəki əməkdaşlığımıza da böyük əhəmiyyət veririk” deyən səfir Heydər Əliyev Fondu tərəfindən Müzəffərabadda tikilmiş məktəb, Pakistan Milli Kitabxanada yaradılmış “Azərbaycanşünaslıq Mərkəzi”, Milli Kitab Fondunda təsis olunmuş “Nizami guşəsi”, digər təqaüd, tədqiqat proqramları, gənclər üçün həyata keçirilən layihələr ilə bağlı da məlumat verib.
Seminarda ali qonaq qismində çıxış edən Pakistanın Təhsil və Peşəkar Təlim nazirinin müavini, Federal Parlament katibi və Milli Assambleyanın üzvü xanım Vaciha Əkrəm, bu cür əhəmiyyətli tədbirin keçirilməsinin məmnunluqla qarşılandığını vurğulayıb. O, Pakistanın Azərbaycanla bir çox sahədə yaxınlığının olduğunu, ölkəmizdən təhsil, eləcə də tolerantlıq da daxil olmaqla bir çox sahələri öyrənə biləcəklərini qeyd edib, Azərbaycanın müasir müsəlman ölkəsi kimi İslam dünyasında model rolunu oynadığını bildirib. Daha sonra xanım V.Əkrəm Pakistanın təhsil sistemi və Hökumətin bu sahədə həyata keçirdiyi siyasətlə bağlı tədbir iştirakçılarına məlumat verib, Azərbaycanın Pakistanda təhsil sahəsində həyata keçirdiyi layihələrə görə təşəkkür edib.
Pakistan Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya Respublikaları və İqtisadi Əməkdaşlıq Təşkilatı idarəsinin baş direktoru Məhəmməd Amar Aftab Qureşi öz çıxışında Pakistan-Azərbaycan münasibətləri, ölkələrimiz arasındakı tarixi, mədəni yaxınlıq barədə məlumat verib, Azərbaycan və Türkiyəni Pakistanla bir böyük ailə hesab etdiklərini vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyevin və Muhəmməd Əli Cinnahın öz ölkələri barədə böyük arzulara malik olduqlarını, daim ölkənin gələcəyini düşündüklərini söyləyib, Heydər Əliyevin Azərbaycanın müasir dövlətçiliyinin əsasını qoyduğunu və öz müasirlərindən fərqləndiyini qeyd edib. “Zati-Aliləri Heydər Əliyev biliyə, elmə və texnologiyaya böyük əhəmiyyət verirdi, onun həyata keçirdiyi siyasətin nəticəsi olaraq Azərbaycan təhsildə müasir standartları tətbiq etmiş qabaqçıl ölkədir və dövlət vətəndaşların təhsilinə ciddi əhəmiyyət verir” deyə baş direktor vurğulayıb.
Tədbirin keçirildiyi Pakistan Milli Kitabxanasının baş direktoru Qayur Hüseyn sonda çıxış edərək, Azərbaycanın Pakistandakı Səfirliyinə və iştirakçılara təşəkkür edib, hər iki ölkənin ümummilli liderlərindən təhsil mövzusunda sitatlar gətirərək müasir nəslin gələcəkdə də onların müdrik siyasəti və təcrübəsindən bəhrələnəcəyini diqqətə çatdırıb.
Seminarda müasir Azərbaycana aid, eləcə də Azərbaycan və Pakistanın milli liderləri Heydər Əliyev və Muhəmməd Əli Cinnahın təhsil sahəsində söylədiyi kəlamları özündə ehtiva edən videoçarxlar nümayiş etdirilib.
Tədbir böyük maraqla qarşılanıb və Pakistan mediası tərəfindən geniş işıqlandırılıb.