2020-05-12

Ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Pakistan strateji əlaqələrinin yaradılmasında və möhkəmləndirilməsində xüsusi rolu olmuşdur

Bu fikirlər, Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin Pakistanın aparıcı beyin mərkəzlərindən olan Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGGS) ilə birgə təşkil edtiyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Böhranın idarəedilməsi zamanı liderlik bacarıqlarının əhəmiyyəti” adlı beynəlxalq vebinarda səslənib.

Vebinarda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Pakistan Baş Nazirinin İnspeksiya Komissiyasının sədri, dövlət naziri Ahmed Yar Hiraj və Pəncab Universitetinin vitse-rektoru Dr. Niaz Ahmad Akhtar, CGGS-in prezidenti, ehtiyyatda olan general-mayor Seyid Xalid Əmir Cefri, CGGS-in icraçı direktoru Xalid Teymur Əkrəm, Azərbaycan və Pakistan ictimaiyyətinin nümayəndələri, Çin, İngiltərə, Qırğızıstan və bəzi digər ölkələrdən olan maraqlı şəxslər iştirak ediblər.

Tədbirə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və ulu öndər Heydər Əliyevə həsr olunmuş qısametrajlı video-çarxın nümayişi ilə start verilib.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin adından iştirakçıları salamlayan səfir Əli Əlizadə çıxış edərək Heydər Əliyevin hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi zamanda Azərbaycanın iqtisadiyyatına, milli və mənəvi dəyərlərinə, adət-ənənələrinə verdiyi önəmdən söz açıb. Səfir H.Əliyevin dəfələrlə Azərbaycanı böhranlı vəziyyətlərdən çıxardığını, 20 yanvar hadisələrinin pislənməsinə, Azərbaycanın vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə qaldığı zaman ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar edilməsinə, cəbhədə atəşkəsin əldə olunmasına məhz ümummilli lider Heydər Əliyevin müdrikliyi və liderlik bacarıqları nəticəsində nail olunduğunu diqqətə çatdırıb.Ulu öndərin müəyyən etdiyi siyas kurs ilə addımlayan Azərbaycanın, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etdiyini qeyd edən səfir Əli Əlizadə Azərbaycanın əldə etdiyi uğurları, Azərbaycan Prezidenti və Pakistan Baş nazirinin qlobal pandemiya ilə  mübarizədə həyata keçirdiyi səmərəli tədbirləri, qlobal həmrəyliyin möhkəmlənməsinə verdiyi töhvələri vurğulayıb. Əli Əlizadə Azərbaycan-Pakistan strateji münasibətlərinin qurucusun da məhz Heydər Əliyev olduğunu vurğulayaraq, bu əlaqələrin möhkəmləndirilməsində onun xüsusi xidmətlərini qeyd edib, Azərbaycan və Pakistanın hazırda da bir birini daim dəstəklədiyini və strateji əməkdaşlığı davam etdirdiyini bildirib.

Pakistan Baş Nazirinin İnspeksiya Komissiyasının sədri, dövlət naziri Ahmed Yar Hiraj çıxış edərək müasir Azərbaycanın bu günə gəlib çatmasında Heydər Əliyevin böyük rolu olduğunu bildirib, hakimiyyətdə olduğu müddətdə xalqı üçün gördüyü işləri təqdir edib. Ahmed Yar Hiraj həmçinin iki ölkə liderlərinin yaranmış çətin vəziyyətlərdə idarəetmə bacarıqlarından da söhbət açıb. 

Daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək Heydər Əliyevin ümummilli lider olmağına imkan verən əsas amillərin çətin və mürəkkəb siyasi mühitdə xalqının və dövlətinin problemlərinə həssaslıqla yanaşması olduğunu bildirib. Komitə sədri, bugün Azərbaycanın daxili və xarici siyasətində qazanılan uğurlarında ulu öndər Heydər Əliyevin ideyalarının böyük rol oynadığını diqqətə çatdırıb. Hər bir dövlət başçısının liderlik keyfiyyətlərinin krizis dönəmində daha aydın üzə çıxdığını və krizisin bir sınaq olduğunu bildirən Fuad Muradov Prezident İlham Əliyevin pandemiya ilə mübarizədə ilk günlərdən ali baş komandan kimi tədbirlər həyata keçirdiyini, liderlik keyfiyyətlərini bir daha təsdiq edtiyini bildirib. Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərdə mühüm rolundan söz açan Fuad Muradov, ulu öndərin 1996-cı ildə Pakistana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlıqda yeni bir dövrün əsasını qoyduğunu və bu əməkdaşlığın daha da inkişafına töhfə verdiyini qeyd edib.

Video konfransda çıxış edən Pəncab Universitetinin vitse-rektoru Dr. Niaz Ahmad Akhtar, Heydər Əliyevi Azərbaycanın yaradıcısı adlandırıb və bu ölkə üçün gördüyü əvəzolunmaz işləri təqdir edib. O, 1990-cı illərdə Azərbaycanın keçdiyi çətin zamanlardan söhbət açaraq, məhz Heydər Əliyevin sayəsində ölkədə sabitlik və inkişafın əldə olunduğunu bildirib. Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirən vitse-rektor, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini və Pakistanın Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini diqqətə çatdırıb. Niaz Ahmad Akhtar əsl liderlərin yaşamasalar belə insanlar tərəfindən daim nümunə götürülərək irslərinin davam etdirildiyini və bu liderlərdən birinin də məhz Heydər Əliyev olduğunu vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edərək 1990-cı illərdə Azərbaycanda yaranmış böhrandan söz açıb və bu dövrdə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin əvəzolunmaz rolundan bəhs edib. Fərid Şəfiyev sırf Heydər Əliyevin hakimiyyəti dövründə əsrin müqaviləsinin imzalanması və bazar iqtisadiyyatına keçidi qeyd edərək Azərbaycanın əldə etdiyi uğurları diqqətə çatdırıb. Qlobal pandemiya ilə mübarizədə Azərbaycan Prezidenti və Hökümətinin həyata keçirdiyi tədbirlərin həmrəyliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini qeyd edən Fərid Şəfiyev Azərbaycanın təşəbbüsü ilə keçirilən beynəlxalq Sammitlərin əhəmiyyətini vurğulayıb.  

Konfransda həmçinin iştirak edənlərin mövzu ilə bağlı fikir və təəssüratları da dinlənilib, sualları cavablandırılıb.

 

Arxiv üzrə axtarış