2020-12-10

Pakistanın Ravalpindi Hüquq Kollecində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Beynəlxalq münaqişələrin həlli: Dağlıq Qarabağ münaqişəsi, diplomatik səylərdən sülhə məcburetmə əməliyyatınadək” mövzusunda mühazirə təqdim olunub

Ravalpindi Hüquq Kollecinin professor və müəllim heyəti, eləcə də kollecin onlayn formatda qoşulmuş tələbələri üçün Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə tərəfindən təqdim olunan, Dağlıq Qarabağ münaqişəsinin başlanma tarixindən hazırkı dövrədək olan prosesləri, Azərbaycanın əldə etdiyi tarixi qələbənin əhəmiyyətini də əhatə edən mühazirədə müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründən Azərbaycanın bu günədək apardığı düşünülmüş, gələcəyə hesablanmış və uğurlu siyasətinin aspektlərinə və nəticələrinə, Dağlıq Qarbağ münaqişəsinin həllinə yönəlmiş müdrik addımlara nəzər yetirilib, Azərbaycanın bu dövr ərzində əldə etdiyi siyasi, iqtisadi, diplomatik nailiyyətləri vurğulanıb.

Hər iki ölkənin milli liderlərinin yad olunması ilə mühazirəni açıq elan edən Ravalpindi Hüquq Kollecinin direktoru Sərdar Qəzənfər Xan ilk öncə kollec haqqında ətraflı məlumat verib. Kollec tərəfindən Pakistanın ədliyyə və məhkəmə sistemlərinə peşəkar və tam hazırlanmış hüquqşünasların yetişdirildiyini qeyd edən direktor, bu təhsil qurumunun Pakistanın məhkəmə quruluşunun gücləndirilməsində öz xüsusi tövhəsini verdiyini bildirib. Sərdar Qəzənfər Xan Azərbaycan və Pakistan arasındakı səmimi münasibətlərdən söhbət açaraq bu kollecin Bakı Dövlət Universiteti ilə hüquq təhsili sahəsində əməkdaşlıq etmək niyyətlərinin olduğunu vurğulayıb, eləcə də təqaüd proqramı çərçivəsində ilk dəfə olaraq 20 azərbaycanlı tələbə üçün yer ayırdıqlarını və onları növbəti ildə qəbul etməyə hazır olduqlarını elan edib.

Daha sonra mühazirəsini təqdim edən Əli Əlizadə Qarabağ Xanlığının yaranması və tarixi haqqında, 19-cu əsrdən başlayaraq ermənilərin bu ərazilərə köçürülməsi və son iki əsr ərzində törətdikləri qətliamlar, 30 ilə yaxın bir dövrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə göstərilən səylərin nəticə verməməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi, dünya birliyinin və beynəlxalq təşkilatların, xüsusən Minsk Qrupu ölkələrinin praktiki addımlar atmamamsı və işğalçı Ermənistana lazımi təzyiqlər göstərməməsi haqqında məlumat verib.

Səfir ulu öndər Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi davamlı səy və xidmətlərini xüsusi vurğulayaraq, məhz onun müdrik siyasəti, təcrübəsi və 1994-cü ildə atəşkəs anlaşmasını imzalaması nəticəsində, o zaman milli orduya sahib olmayan Azərbaycanın digər torpaqlarının işğalının və müstəqilliyinin itirilməsinin qarşısının alındığını bildirib. Səfir, Azərbaycanın əsasən məhz 1994-cü ildə imzalanmış atəşkəsdən sonra güclü dövlət və ordu quruculuğuna başladığını, siyasi və iqtisadi nailiyyətlərə imza atdığını, beynəlxalq aləmdə mövqeyini gücləndirdiyini qeyd edib.

Ermənistan rəhbərlərinin münaqişənin həllində maraqlı olmamasına, qeyri-konstruktiv yanaşmalar sərgiləməsinə toxunan səfir, 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn Baş nazir Nikol Paşinyanın aqressiv siyasəti və yersiz açıqlamaları ilə başlamış Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüz və təxribatlarının, Azərbaycana və xüsusən ölkəmizin mülki əhalisinə qarşı yönəlmiş hücümlarının, müharibə cinayətlərinin Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək sülhə məcburetmə əməliyyatı həyata keçirməyə vadar etdiyini və 27 sentyabr tarixindən erməni təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Ali Baş Komandanının rəhbərliyi ilə aparılan uğurlu əməliyyat nəticəsində Ermənistanın kapitulasiya etdiyini bildirib.

Səfir, bu çətin günlərdə daim Azərbaycanın yanında dayanaraq göstərdiyi siyasi və mənəvi dəstəyə, prinsipial mövqeyə görə Pakistan hökumətinə və xalqına da təşəkkürlərini çatdıraraq, Azərbaycan-Pakistan əlaqələrinin də məhz ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə möhkəmləndiyini, 1993-cü ildə, Kəşmir məsələsi ilə bağlı BMT-nin qətnamələrinə uyğun olaraq Azərbaycanın rəsmi və prinsipial mövqeyinin ulu öndər tərəfindən ortaya qoyulması ilə Azərbaycan-Pakistan əlaqələrinin yeni inkişaf dövrünə qədəm qoyduğunu və ölkə Prezidentimizin də diqqət və tövhəsi ilə bu gün Azərbaycan-Pakistan əlaqələrinin strateji tərəfdaşlığadək daha da gücləndiyini bildirib.

Səfir Ravalpindi Hüquq Kollecinin direktoru və heyətinə azərbaycanlı tələbələr üçün ayrılan təqaüd proqramlarına və Azərbaycanın təhsil müəssisələri ilə əməkdaşlıq təşəbbüslərinə görə təşəkkür edərək Səfirlik tərəfindən lazımi köməkliyin kollecə göstəriləcəyini bildirib.

Tədbirdə həmçinin, mövzu ilə bağlı qısametrajlı videolar nümayiş etdirilib, əyani materiallar paylanıb, iştirak edənlərin fikir və təəssüratları dinlənilərək müəllim və tələbələrin sualları da cavablandırılıb.

Arxiv üzrə axtarış