Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi ilə görüşüb
13 yanvar 2021-ci il tarixində Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının xarici işlər naziri Mahdum Şah Mahmud Qureşi ilə görüşüb.
Görüşdə Nazirlər iki ölkə arasında dostluq və qardaşlıq əsasında inkişaf edən ikitərəfli əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparıblar.
Nazir Şah Mahmud Qureşi Azərbaycan torpaqlarının qanunsuz işğaldan azad olunması münadibətilə təbriklərini çatdırıb və Pakistanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini ifadə edib. İslamabadda keçirilən üçtərəfli görüşün ölkələrimiz arasında regionda əməkdaşlığın daha da inkişaf etdirilməsi qətiyyətinin bariz nümunəsi olduğunu bildirib.
Nazir Ceyhun Bayramov dost Pakistan hökumətinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi dəstəyi, o cümlədən Pakistan Xalqı tərəfindən nümayiş etdirilən qətiyyətli dəstəyi məmnunluqla vurğulayıb. Vətən müharibəsi dövründə bu prinsipial mövqe birmənalı şəkildə ifadə olunduğu üçün qarşı tərəfə təşəkkür bildirilib. Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin ikinci görüşünə uğurla ev sahibliyi etdiyinə görə Pakistanlı həmkara minnətdarlıq bildirilib.
Nazirlər, habelə ikitərəfli münasibətlərin bir çox aspektləri o cümlədən, ticarət, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə ediblər.