Pakistan mətbuatında “20 Yanvar – Azərbaycanın qəhrəmanlıq və iftixar tarixi” və “20 Yanvar – Azərbaycanlıların şərəf günü” sərlövhəli məqalələr dərc olunub
Pakistanın “Daily Times” və “Pakistan Observer” kimi geniş oxucu kütləsinə malik aparıcı qəzetlərində “20 Yanvar – Azərbaycanın qəhrəmanlıq və iftixar tarixi”, “20 Yanvar – Azərbaycanlıların şərəf günü” adlı məqalələr dərc olunub.
Məqalələrdə 20 yanvar tarixinin Azərbaycan xalqının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin simvolu olduğu bildirilib.
Müəlliflər hadisələrin erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmələri, eləcə də Azərbaycan xalqının o vaxtki SSRİ lideri Mixail Qorbaçovun yürütdüyü ermənipərəst siyasətə etiraz etməsi ilə başladığını qeyd ediblər. Sovet İttifaqının lideri Mixail Qorbaçovun yenidənqurma siyasətindən istifadə edən ermənilərin Azərbaycana qarşı məkrli siyasətlərini davam etdirdiklərinə toxunulub.
Məqalələrdə Azərbaycan xalqının öz doğma torpaqlarını və hüquqlarını qorumaq üçün azadlıq hərəkatına başladığından bəhs olunub və mərkəzi hökümətin bu azadlıq hərəkatını yatırtmaq üçün hərbi qüvvə göndərərək onları zor gücü ilə dağıtdığı, qırğına məruz qoyduğu bildirilib. Azərbaycanlıların öz ərazi bütövlüklərini qorumaqda qərarlı olduqlarını və milli azadlıqları üçün özlərini qurban verdiyi vurğulanıb.
Yazılarda Sovet ordusunun fövqəladə vəziyyət elan etmədən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycana qarşı hərbi əməliyyatlara başladığı və bunun nəticəsi olaraq yüzlərlə insanın qəddarcasına qətlə yetirildiyi diqqətə çatdırılıb.
Müəlliflər həmçinin, bu faciə zamanı silahlı birləşmələr tərəfindən ölkədə televiziya və radyo stansiyalarının enerji bloklarının partladıldığından, eləcə də KİV-in fəaliyyətinin qadağan edilməsindən bəhs ediblər. Azərbaycan xalqının o çətin günündə ölkəmizin ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqımız ilə birlik nümayiş etdirdiyi, bu faciənin insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirərək SSRİ rəhbərliyinin məkrli niyyətlərini ifşa etdiyi və təşəbbüskarların layiqli şəkildə cəzalandırılması gərəkdiyini bildirdiyi vurğulanıb. Məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun birbaşa təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyi diqqətə çatdırılıb.
Sonda, müəlliflər Azərbaycan xalqının hərbi, mənəvi və siyasi təcavüzlərə məruz qalmasına baxmayaraq, tarixi qəhrəmanlıq ənənələrini qoruyub saxlaya bilmək bacarıqlarını nümayiş etdirdiyini və öz həyatlarını itirmək bahasına belə olsa, vətənlərinin azadlığı və müstəqilliyi uğrunda ən qəddar hücumlara belə müqavimət göstərdiklərini ifadə ediblər.
https://dailytimes.com.pk/714880/20-january-heroic-and-pride-history-of-azerbaijan/
https://pakobserver.net/january-20-day-of-honour-for-azerbaijanis/