Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistan Milli Assambleyasının Spikeri ilə görüşüb
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikası Milli Assambleyasının spikeri Əsəd Qeysər ilə görüşüb.
Səfir Xəzər Fərhadov səmimi qəbula görə Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərə təşəkkürünü çatdırıb və Azərbaycan-Pakistan arasındakı səmimi əlaqələrdən bəhs edib. Xəzər Fərhadov Pakistana səfir təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib və bu münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb. Səfir, Azərbaycan və Pakistanın hər zaman bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini qeyd edərək, Vətən Müharibəsi dövründə Pakistanın dəstəyini, o cümlədən Pakistan Milli Assambleyasının qətnamə qəbul edərək Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi yüksək qiymətləndirib və Pakistan hökumətinə, Milli Assambleyasına və xalqına öz təşəkkürünü ifadə edib.
Azərbaycan və Pakistan arasındakı əlaqələrin bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini bildirən səfir, bu münasibətlərin daha da dərinləşdirilərək gücləndirilməsi istiqamətində görülmüş işlər, eləcə də həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı məlumatları spikerin diqqətinə çatdırıb. O, Azərbaycan-Pakistan arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb. Xəzər Fərhadov Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin birinci üçtərəfli görüşünü xatırladaraq, bu formatın ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyini diqqətə çatdırıb
Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər səfir Xəzər Fərhadovu təyinatı münasibətilə təbrik edərək ona yeni fəaliyyətində uğurlar arzulayıb.
Əsəd Qeysər, Azərbaycan və Pakistan arasındakı səmimi əlaqələrdən məmnunluğunu ifadə edərək Azərbaycan Respublikasının Milli Məclisi ilə sıx əməkdaşlıq etdiklərini bildirib. O, cari ilin iyul ayında Azərbaycanda rəsmi səfərdə olduğunu qeyd edərək, işğaldan azad olunmuş ərazilərə səfər etdiyini xatırladıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Milli Məclisin sədri xanım Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşdüyünü bildirən spiker, bu görüşlərin onda çox yüksək təəssürat yaratdığını xüsusi vurğulayıb və göstərilmiş yüksək səviyyəli qonaqpərvərliyə görə Azərbaycan Hökumətinə öz təşəkkürün çatdırıb.
Azərbaycan-Pakistan əlaqələrinin daha da gücləndirilməsi üçün Pakistan Milli Assambleyası olaraq lazımi bütün köməkliyin göstəriləcəyini əminliklə ifadə edib.
Görüş zamanı, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının bütün sahələr üzrə gücləndirilməsinin əhəmiyyəti barədə də fikir mübadiləsıi aparılıb.