2021-10-19

Pakistanda Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpasının otuzuncu ildönümü qeyd olunub

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpasının otuzuncu ildönümü münasibətilə Pakistanda rəsmi qəbul keçirilib.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin İslamabad şəhərində yerləşən beşulduzlu Serena mehmanxanasında təşkil etdiyi rəsmi qəbula ali qonaq qismində Pakistan Milli Assambleyasının spikeri Əsəd Qayser, millət vəkilləri, ölkənin nüfuzlu ictimai-siyasi xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, xarici ölkələrin Pakistandakı səfirləri, diplomatlar, Pakistan ordusunun yüksək rütbəli zabitləri və Pakistanda yaşayan azərbaycanlılar təşrif buyurublar.

Öz açılış nitqi ilə qonaqları salamlayan Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov ölkəmizin 18 oktyabr 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsi ilə bağlı məlumatları qonaqların diqqətinə çatdırıb. Müstəqilliyin ilk illərində Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, bir tərəfdən Ermənistanın hərbi təcavüzünün davam etdiyini, digər tərəfdən ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, eləcə də Azərbaycan dövlətçiliyi üçün ciddi təhdidlər və risklərin olduğunu qeyd edən səfir, məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycana qayıtdığını və 1993-cü ildə hakimiyyətə gəldiyini diqqətə çatdırıb. Səfir, ümummilli lider Heydər Əliyevin xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldırdığını və bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığını vurğulayaraq, ulu öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu diqqətə çatdırıb.

Xəzər Fərhadov, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən siyasətin hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bəyan edib. Bugün, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, Azərbaycanın bütün sahələrdə dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğunu qeyd edən səfir, ölkəmizin bölgəyə inkişaf, sabitlik və təhlükəsizlik gətirən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi nəhəng layihələri reallaşdırdığını bildirib, eləcə də Şərq-Qərb və Şimal-Cənub tranzit yollarının Azərbaycandan üzərindən keçən hissəsi üzrə infrastrukturun inkişaf etdirildiyini qonaqların diqqətinə çatdırıb.

Səfir, 44 günlük Vətən müharibəsindən bəhs edərək, ölkəmizin silahlı qüvvələrinin, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın erməni işğalında olan Azərbaycan torpaqlarını işğaldan azad etdiyini diqqətə çatdırıb və bu səbəbdən Azərbaycanın müstəqilliyin bərpası gününün ölkəmizdə bu il xüsusi sevinclə qeyd olunduğunu bildirib. Xəzər Fərhadov ərazilərimizin işğaldan azad olunmasından sonra Azərbaycanın orada apardığı sürətli və geniş bərpa və quruculuq işlərindən bəhs edib.

Səfir Azərbaycan – Pakistan əlaqələrinə də toxunaraq, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bəyan edib, bu illər ərzində, xüsusilə Vətən Müharibəsi dövründə ölkəmizə göstərilən siyasi və mənəvi dəstəyi vurğulayaraq Pakistan Hökumətinə və xalqına təşəkkürünü ifadə edib. Həmçinin ölkələrimiz arasında ikitərəfli və Türkiyənin iştirakı ilə üçtərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin xüsusi əhəmiyyətini qeyd edib.

Tədbirin ali qonağı, Pakistan Milli Assambleyasının spikeri Əsəd Qayser çıxışında Azərbaycan və Pakistan arasında olan mövcud səmimi münasibətlərdən söhbət açıb, Azərbaycan Hökuməti və xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş igid Azərbaycan əsgər və zabitlərini dərin hörmət və ehtiramla yad etmək məqsədilə, 27 Sentyabr tarixinin Azərbaycanda Anım Günü kimi qeyd olunduğunu bildirən spiker, qardaş Azərbaycan xalqına olan sevgini nümayiş etdirmək üçün Pakistanda Azərbaycanın Anım Gününün qeyd olunduğunu diqqətə çatdırıb və bu münasibətlə Pakistanın paytaxtı İslamabadın rəmzi olan “Pakistan Abidəsi”nin Azərbaycan bayrağı ilə işıqlandırdığını vurğulayıb.

Ölkəmizin 44 günlük Vətən müharibəsindən söz açan spiker, Azərbaycanın qələbəsinin çox böyük uğur olduğunu ifadə edib. Milli Assambleyanın spikeri, Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinin Pakistanda da qeyd edildiyini xüsusi vurğulayıb və Azərbaycan Hökumətini, Silahlı Qüvvələrini və xalqını bu qələbə münasibətilə təbrik edib.

Əsəd Qayser cari ilin iyul ayında Azərbaycana səfərindən məmnunluqla danışıb, iki ölkə arasındakı əlaqələrin bütün sahələr üzrə, xüsusilə parlamentlər səviyyəsində daha da gücləndirilərək dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycan-Pakistan dostluğunu əks etdirən hər iki ölkənin bayraqlarının əks olunduğu rəmzi tort kəsilib.

Tədbir boyu Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialını əks etdirən müxtəlif videoçarxlar nümayiş etdirilib, kitablar, bukletlər və digər əyani materiallar yayılıb. Mərasim Pakistanın televiziya kanalları və aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

Arxiv üzrə axtarış