2021-11-09

Azərbaycanın Zəfər Günü Pakistan İslam Respublikasının Milli Assambleyasında təntənəli qeyd olunub

Məlumat üçün bildirilir ki, 09 noyabr 2021-ci il tarixində Pakistan Milli Assambleyasında  Zəfər Günü münasibətilə rəsmi tədbir keçirilib

Pakistan İslam Respublikası Milli Assambleyasının spiker müavini Qasım Xan Surinin ali qonaq qismində iştirak etdiyi rəsmi tədbirdə Milli Assambleyada Pakistan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Murtaza Cavid Abbasi, Azərbaycan Respublikası Milli Məclsinin üzvü Mahir Abbaszadə, Türkiyənin Pakistandakı səfiri və Pakistan İslam Respublikası Milli Assambleyasının üzvləri  iştirak ediblər.

Azərbaycan, Pakistan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov qonaqları salamlayıb və Milli Assambleyasının spiker müavininə və Milli Assambleyada Pakistan-Azərbaycan Dostluq Qrupunun rəhbərinə Zəfər Günü ilə əlaqədar Milli Assambleyada təşkil etdikləri tədbirə görə təşəkkürünü çatdırıb. 44 günlük Vətən müharibəsinin Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyduğunu bildirən X.Fərhadov, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa edildiyini və ölkəmizin təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdiyini xüsusi vurğulayıb. Səfir, Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidinin artıq mövcud olmadığını, Azərbaycan Respublikası Prezidentin bu il iyulun 7-də imzaladığı sərəncamla Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldığını diqqətə çatdırıb.

Səfir həmçinin, 9 noyabr tarixinin Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü olduğunu və Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla təsis edildiyini bildirib.

Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyininin dost və qardaş ölkələr tərəfindən dəstəkləndiyini ifadə edən X.Fərhadov, qardaş Türkiyə və Pakistanın siyasi və mənəvi güclü dəstəyinin ilk gündən xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O, Pakistan Senatının, Milli Assambleyasının Ermənistanın Azərbaycana qarşı təcavüzünü, işğalçılıq siyasətini pisləyən, ölkəmizin haqlı mövqeyini dəstəkləyən qətnamələr qəbul etdiyini xüsusi qeyd edərək, Vətən müharibəsi zamanı ölkəmizə göstərilmiş dəstəyə görə Pakistan hökumətinə, Senatına, Milli Assambleyasına və xalqına dərin təşəkkürünü ifadə edib. Səfir öz çıxışında Azərbaycanın Kəşmir məsələsinin BMT Təhlüksəzilik Şurasının qətnamələrinə uyğun olaraq həll edilməsini dəstəklədiyini ifadə edib.

Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələrdən söhbət açan Milli Assambleyada Pakistan-Azərbaycan Dostluq Qrupunun rəhbəri Murtaza Cavid Abbasi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin  önəmli rolunun olduğunu vurğulayıb. Azərbaycanın qələbəsinin birinci ildönümün Pakistan Parlamentində qeyd olunmasını, Azərbaycan - Pakistan əlaqələrinin yüksələn xəttlə  daha da inkişaf edəcəyini, ölkələrimiz və xalqlarımız arasında dostluq və qarşılıqlı etimadın daha da möhkəmlənəcəyini bildirən Murtaza Cavid Abbasi Azərbaycanı şanlı qələbə münasibətilə təbrik edib.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Mahir Abbaszadə çıxışında Milli Məclisin sədri xanım Sahibə Qafarovanın salamlarını və xoş arzularını tədbir iştirakçılarına çatdıraraq Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi Pakistanın bu illər ərzində hər zaman ölkəmizi dəstəklədiyini diqqətə çatdırıb və bu dostluq və qardaşlıq münasibətlərinin tarixi köklərə dayandığını qeyd edib.

Deputat Vətən müharibəsi zamanı Pakistanın verdiyi mənəvi və siyasi dəstəyin dostluq və qardaşlıq rəmzi olduğunu bildirib və təşəkkür edib.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Azərbaycan Respublikasının 20% torpaqlarının 30 il boyunca Ermənistan tərəfindən işğal altında saxlanıldığını qeyd edib və beynəlxalq ictimaiyyətin bu haqsızlığa göz yumduğunu təəssüf hissi ilə ifadə edib. 44 Günlük Müharibədən bəhs edən səfir, BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən yerinə yetirildiyini vurğulayıb, Türkiyə və Pakistanın hər zaman qardaş Azərbaycan xalqının yanında olacağını diqqətə çatdıraraq qələbə münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik edib.

Tədbirdə çıxış edən ali qonaq, Pakistan Milli Assambleyasının spikerinin müavini Qasım Xan Suri Azərbaycan və Pakistan arasındakı yüksək səviyyəli əlaqələrdən söhbət açıb və Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edib. İkinci Qarabağ Müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid Azərbaycan əsgər və zabitlərini dərin hörmət və ehtiramla yad etdiyini bildirən Qasım Xan Suri öz torpaqlarını Ermənistan işğalından azad etməsi münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. Qasım Xan Suri Pakistanın Azərbaycanı özünə qardaş ölkə hesab etdiyini, hökümətlərarası əlaqələrlə yanaşı xalqlarımız arasında əlaqələrin daha da artırılmasının vacib olduğunu, beynəlxalq və regional məsələlərdə Azərbaycanın da Pakistana verdiyi dəstəyin dostluq və qardaşlığın bir təzahürü kimi qiymətləndirildiyini ifadə edib. O, Azərbaycanın Kəşmir məsələsində dəstəyini xüsusi bildirərək yüksək qiymətləndirib. 

Tədbirdən sonra Pakistan Milli Assambleyasının spikerinin müavini Qasım Xan Suri və Milli Assambleyada Pakistan-Azərbaycan Dostluq Qruplarının rəhbəri Murtaza Cavid Abbasi, səfir Xəzər Fərhadov və Azərbaycan Respublikası Milli Məclisinin üzvü Mahir Abbaszadəni Milli Assambleyada keçirilən sessiyaya qonaq qismində dəvət edib. Milli Assambleyanın sessiyasına sədrlik edən spiker müavini Qasım Xan Suri, sessiyanın açılış nitqində səfir və millət vəkilinə Milli Assableyada iştirakları üçün təşəkkür edərək bir daha qələbə münasibəti ilə təbrik edib. Sonra sessiya zamanı söz alaraq çıxış edən sabiq spiker Sərdar Ayaz Sadiq 8 noyabr Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edərək Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyduğunu və öz tarixi torpaqlarını geri qaytardığını vurğulayıb və Azərbaycanın Kəşmir məsələsindəki mövqeyinə görə təşəkkür edib. Sərdar Ayaz Sadiq Azərbaycanın qələbəsinin birinci ildönümünün Pakistan Parlamentində qeyd edilməsini ilk tarixi hadisə olduğunu, Milli Assambleyanın adından bir daha qələbə münasibətilə Azərbaycanı təbrik edərək Pakistan xalqının Azərbaycanın yanında olduğunu vurğulayıb.

Sonra sessiyada iştirak edən Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi spikerdən söz alaraq, səfiri və nümayəndə heyətini salamlayıb, Azərbaycanın həmişə beynəlxalq arenada Pakistanın yanında olduğunu və eyni zamanda Pakistanın Azərbaycanı bütün məsələlərdə dəstək göstərdiyini vurğulayaraq Azərbaycanı şanlı qələbə münasibətilə təbrik edib. Nazir həmçinin, Assableya üzvlərinə bildirib ki, Pakistan və Türkiyə bayraqları müharibə zamanı Ermənistan işğalından azad edilmiş ərazilərdə dalğalanıb. Nazir, eyni zamanda Azərbaycanın, İƏT-in Kəşmir üzrə Kontakt Qrupunun üzvü kimi həmişə Pakistanı dəstəklədiyi üçün bir daha təşəkkür edərək Pakistan xalqının həmişə Azərbaycan xalqının yanında olduğunu bildirib.

 

Arxiv üzrə axtarış