2021-11-06

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Nadim Raza ilə görüşüb

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov Pakistan Silahlı Qüvvələrinin  Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ordu generalı Nadim Raza ilə görüşüb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Xəzər Fərhadov Azərbaycan-Pakistan səmimi əlaqələrindən söhbət açıb və Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini qeyd edib. O, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğalı dövründə, eləcə də Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini və bunun göstəricisi olaraq Vətən müharibəsi vaxtı Azərbaycanın bütün şəhər və rayonlarında Azərbaycan, Pakistan və Türkiyə bayraqlarının bir yerdə dalğalandırıldığını vurğulayıb.  

Ordu generalı Nadim Raza tanışlıqdan məmnun olduğunu bildirib və keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində Pakistanın daim qardaş Azərbaycan xalqının və dövlətinin yanında olduğunu və bu səbəbdən də Pakistanın Ermənistanı müstəqil dövlət kimi  tanımayan yeganə ölkə olduğunu qeyd edib. O, Azərbaycanda rəsmi səfərdə olan zaman Azərbaycan xalqının Pakistana və Pakistan xalqına olan sevgisinin şahidi olduğunu qeyd edərək bu kimi səmimi qardaşlıq hisslərinin ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlıqla yanaşı iqtisadi və turizm sahələrinin də inkişaf etdirilməsinə təbii zəmin yaratdığını vurğulayıb və bu imkandan ölkələrimizin qarşılıqlı rifahı və qardaşlıq münasibətlərinin genişlənməsi üçün istifadə edilməsinin vacib olduğunu bildirib.

Xəzər Fərhadov Azərbaycan ilə Pakistan arasında bütün sahələrdə əlaqələrin daha da aktivləşdirildiyini və inkişafın müşahidə olunduğunu, xüsusən müdafiə sənayesi, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın artan istiqamətdə irəlilədiyini və COVİD-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər aradan qalxdıqdan sonra Azərbaycan və Pakistan arasında birbaşa aviareyslərin başlanacağını bildirib. O, cari il ərzində Pakistan xüsusi təyinatlı qüvvələrinin təlimatçıları tərəfindən Azərbaycanda mobil təlim kurslarının və Azərbaycan-Pakistan-Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə “Üç qardaş-2021” beynəlxalq təliminin yüksək səviyyədə keçirildiyini diqqətə çatdırıb və qarşılıqlı əhəmiyyətli olan bu sahədə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini ifadə edib.   

Ordu generalı Nadim Raza yeni təyinatla əlaqədar olaraq səfir Xəzər Fərhadovu təbrik edib və ona ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəliyyətində uğurlar arzu edib.   

                       

Arxiv üzrə axtarış