2021-11-17

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın xarici işlər katibi Soheyl Mahmud ilə görüşüb

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın xarici işlər katibi Soheyl Mahmud ilə görüşüb.

Soheyl Mahmud ilk öncə səfir Xəzər Fərhadovu rəsmi təyinatı münasibətilə təbrik edib və ona işlərində müvəffəqiyyətlər arzulayıb. Xarici işlər katibi Azərbaycan və Pakistan arasındakı münasibətlərdən məmnunluğunu ifadə edərək Azərbaycan Hökumətini və xalqını Azərbaycanın Zəfər Günü münasibətilə təbrik edib. O, Pakistanın Ermənistanı dövlət kimi tanımadığını diqqətə çatdıraraq, bu ölkənin qardaş Azərbaycanla hər zaman həmrəylik nümayiş etdirdiyini bildirib. Soheyl Mahmud Kəşmir məsələsində mövqeyinə görə Azərbaycan Hökumətinə təşəkkürünü çatdırıb.

Xəzər Fərhadov öz növbəsində səmimi qəbula və təbrikə görə təşəkkürünü ifadə edib, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasından söhbət açıb. Pakistanın Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi qeyd edən səfir, Pakistan Hökumətinə və xalqına öz təşəkkürün bildirib.

Görüşdə səfir həmçinin, bütün sahələr üzrə ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində son aylar ərzində atılan addımlar barədə də danışıb.

 

Arxiv üzrə axtarış