Pakistan universitetlərində “Azərbaycan – Pakistan münasibətləri”, “Azərbaycanın Vətən Müharibəsi” və “Azərbaycanın dahi şairi Nizami Gəncəvi” mövzularında mühazirələr oxunub
Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın Pəncab Universitetinin vitse-kansleri Niaz Əhməd Aktar və Lahor Universitetinin İdarə Heyətinin sədri Avais Rauf ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Pakistan arasındakı səmimi münasibətlərdən söhbət açılıb, iki ölkənin hər zaman bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyi vurğulanıb. Ölkələrimiz arasındakı münasibətlərin cari vəziyyəti müzakirə edilib, eləcə də üniversitetlərarası əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən bəhs edilib və müəllim-tələbə heyətlərinin mübadiləsi barədə danışılıb.
Görüşlərdən sonra səfir Xəzər Fərhadov tərəfindən sözügedən universitet tələbələrinə “Azərbaycan – Pakistan münasibətləri”, “Azərbaycanın Vətən Müharibəsi” və “Azərbaycanın dahi şairi Nizami Gəncəvi” mövzularında mühazirələr oxunub.
Səfir Xəzər Fərhadov Azərbaycan və Pakistan münasibətlərinin tarixi kökləri, eləcə də cari vəziyyəti haqqında geniş məlumatları tələbələrin diqqətinə çatdırıb və Vətən Müharibəsindən söz açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin 30 il erməni işğalı altında olmuş əzəli torpaqlarını azad etdiyini diqqətə çatdıraraq, 44 günlük Vətən müharibəsi dövründə Pakistanın siyasi və mənəvi dəstəyini qeyd edib. O, göstərilən bu dəstəyə görə Pakistan Hökumətinə və xalqına təşəkkürünü çatdırıb.
Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edildiyini bildirib və bu il Azərbaycanda dahi şairin 880 illik yubileyinin qeyd edildiyini diqqətə çatdırıb. Xəzər Fərhadov Azərbaycanın böyük mütəfəkkiri və şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında ətraflı məlumatları diqqətə çatdırıb, həmçinin, onun Azərbaycan və dünya ədəbiyyatına verdiyi töhfələrindən danışıb.
Mühazirələr zamanı tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Mühazirələr zamanı 44 günlük Vətən müharibəsinə həsr olunmuş video-çarx nümayiş etdirilib, eləcə də Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialını, həmçinin Vətən Müharibəsini özündə əks etdirən müxtəlif kitablar, bukletlər və digər əyani materiallar universitetlərin kitabxanalarına hədiyyə edilib.