Pakistanın Lahor şəhərində Ələt Azad İqtisadi Zonasının potensialı barədə təqdimat keçirilib
Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın Lahor Ticarət və Sənaye Palatasının (LCCI) prezidenti Mian Nauman Kabir və palatanın idarə heyətinin üzvləri ilə görüşüb.
LCCI-nin prezidenti səfir Xəzər Fərhadova ziyarətə görə təşəkkürünü bildirib və Azərbaycan və Pakistan arasındakı səmimi münasibətlərdən bəhs edib. Mian Nauman Kabir LCCI-nin strukturu və fəaliyyəti barədə məlumatlar verib və Azərbaycan – Pakistan arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün LCCI olaraq töhfələr verməyə hazır olduqlarını ifadə edib.
Səfir Xəzər Fərhadov səmimi qarşılanmağa görə təşəkkürünü çatdırıb və Azərbaycan – Pakistan əlaqələrindən söhbət açıb. X.Fərhadov iki ölkə arasında bütün sahələrin daha da genişləndirilməsinin vacibliyindən bəhs edərək iqtisadi əlaqələrin önəmini xüsusi vurğulayıb. O, iqtisadi əlaqələrin artırılması ilə bağlı son aylar ərzində səfirlik tərəfindən görülmüş işlər barədə də danışıb.
Daha sonra səfir Azərbaycanda investisiya imkanları, idxal-ixrac məhsulları və Ələt Azad İqtisadi Zonası ilə bağlı Lahor Ticarət və Sənaye Palatasının nümayəndələri üçün təqdimatlar keçirib.
Görüş zamanı həmçinin, işadamlarını maraqlandıran suallar da cavablandırılıb.