Pakistanda “Azərbaycan – Tarix və Qələbə” mövzusunda sərgi keçirilib
Azərbaycan Respublikasının Pakistandakı səfirliyi və Pakistan – Azərbaycan Tələbə Assosiyasiyasının birgə təşkilatçılığı ilə COMSATS universitetində Azərbaycanın Vətən müharibəsinə həsr olunan “Azərbaycan – Tarix və Qələbə” adlı sərgi keçirilib.
Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan – Azərbaycan Tələbə Assosiyasiyasının üzvləri, universitet rəhbərliyi və tələbələri, eləcə də ictimaiyyət və kütləvi informasiya nümayəndələri iştirak ediblər.
Sərgidə 30 il boyunca erməni vandalizminə məruz qalmış Azərbaycan torpaqlarının vəziyyətini, 27 sentyabr 2020-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü və mülki əhaliyə qarşı məqsədli raket hücumları nəticəsində Gəncə, Bərdə, Tərtər və digər yaşayış məskənlərində həlak olmuş həmvətənlərimizi, eləcə də mülki infrastrukturlara dəymiş zərəri, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin, əsgər və zabitlərimizin qanı bahasına torpaqlarımızı erməni işğalından azad etməsini, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində təşkil olunmuş yürüyüşü, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa və quruculuq işlərini, eləcə də Vətən müharibəsi dövründə Pakistan tərəfindən Azərbaycana göstərilmiş dəstəyin nəticəsi olaraq ölkəmizdə Pakistan bayraqlarının da dalğalandığını əks etdirən foto-şəkillər yer alıb.
Sərginin açılışından sonra çıxış edən səfir Xəzər Fərhadov, erməni vəhşiliyinə məruz qalmış Azərbaycan əraziləri, 44 günlük Vətən müharibəsi, həmçinin Azərbaycan və Pakistan arasındakı yüksək münasibətlər barədə geniş məlumatları sərgi iştirakçılarının diqqətinə çatdırıb. X.Fərhadov Vətən müharibəsi dövründə Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi də xüsusi qeyd edərək bu ölkənin Hökuməti və xalqına təşəkkürünü ifadə edib.
Sərgidə COMSATS universitetinin rəsmiləri Dr. Sajjad Əhməd Mədni və Vajeha Ənvər də çıxış edərək Azərbaycan – Pakistan arasındakı səmimi münasibətlərdən söhbət açıb, Vətən müharibəsindəki qələbə münasibətilə Azərbaycan Hökumətini və xalqını təbrik ediblər.
Sərgi zamanı Vətən müharibəsinə həsr olunan videoçarx da nümayiş etdirilib.