Ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü Pakistanda yad edilib
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşkilatçılığı, Pakistan-Azərbaycan Tələbə Assosiyasiyası (PAAA) və COMSATS Universitetinin həmkarlığı ilə Pakistanda ümummilli lider Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş “Uzaqgörən liderlərin gənclər siyasəti: Heydər Əliyev və Muhammad Əli Cinnah” adlı seminar keçirilib.
Seminarda Universitet rəhbərliyi və tələbələr, PAAA üzvləri, Səfirik əməkdaşları, eləcə də Pakistan ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.
Ümumilli liderin əziz xatirəsinə həsr olunmuş seminarda hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov çıxış edərək hər il 12 dekabr tarixində Azərbaycanda ümummilli lider Heydər Əliyevin vəfatının ildönümünün qeyd olunduğunu bildirib və dahi liderin ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasındakı əvəzolunmaz fəaliyyətindən bəhs edib. Yenicə müstəqilliyini qazandığı zaman Azərbaycanın iqtisadi və siyasi böhran ərəfəsində olduğunu qeyd edən səfir, ulu öndərin hakimiyyətə gəlişi ilə ölkədə sürətli yüksəliş, milli ruhun inkişafı, mənəvi tərəqqi dövrünün başlandığını vurğulayıb.
Ulu öndərin zəngin və parlaq dövlətçilik fəaliyyətində gənclər siyasətinin həmişə xüsusi yer tutduğunu ifadə edən X.Fərhadov ümummilli lider Heydər Əliyevin hər zaman Azərbaycan gənclərinə böyük ümid bəslədiyini və Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu dəfələrlə söylədiyini bildirib və gənclər ilə bağlı Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı işlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Səfir, ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. X.Fərhadov Azərbaycanda dövlət gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakının təmin edilməsi, aparıcı qüvvəyə çevrilməsi və onların sosial-iqtisadi problemlərinin həll edilməsi məqsədilə ölkə rəhbərliyi tərəfindən bütün zəruri tədbirlərin həyata keçirildiyini və mühüm dövlət proqramlarının qəbul edildiyini də xüsusi diqqətə çatdırıb.
Daha sonra səfir Pakistanın milli lideri Muhammad Əli Cinnah barədə söhbət açaraq onun Pakistan və bu ölkənin gənclərinin inkişafı istiqamətində apardığı uğurlu siyasətdən bəhs edib.
Tədbirdə COMSATS Universitetinin beynəlxalq əlaqələr departamentinin rəhbəri Məhəmməd Əli Tavab Baloç, bu universitetin professoru Aqila Asif və PAAA-nın rəhbəri Qeysər Navab hər iki liderin öz ölkələrinin inkişafı və rifahı naminə apardığı uzaqgörən siyasətlərdən, xüsusilə gənclərlə bağlı aparılan islahatlardan bəhs ediblər.
Tədbirin sonunda ümumilli lider Heydər Əliyevlə bağlı müxtəlif kitab və materiallar universitet kitabxanasına hədiyyə edilib.