2022-03-16

Azərbaycan və Pakistan arasında birbaşa uçuşlara start verilib

16 mart 2022-ci il tarixində Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında birbaşa uçuşlara start verilib.

Pakistanın Lahor şəhərinin hava limanında birbaşa reyslərin başlaması münasibətilə rəsmi mərasim keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Beynəlxalq Hava Yollarının baş direktoru Ərşad Malik və Pakistan Mülki Aviasiya Qurumunun rəhbərinin müavini Şövkat Əli çıxış edərək birbaşa uçuşların başlamasının iki qardaş ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə, xüsusilə iqtisadi-ticarət və turizm əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib. Həmçinin bu tarixi hadisə münasibətilə hər iki ölkə xalqı təbrik edilərək, gələcək qarşılıqlı əməkdaşlıq naminə birgə fəaliyyətdə uğurlar arzulanıb.

Həmin gün Pakistanın Lahor şəhərindən Bakıya birbaşa reys yola düşüb. Bəhs olunan uçuşda Pakistanlı sərnişinlərlə yanaşı, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Beynəlxalq Hava Yollarının baş direktoru Ərşad Malik, Pakistan Mülki Aviasiya Qurumunun rəhbərinin müavini Şövkat Əli də Azərbaycana səfər ediblər.

Ölkəmizin Heydər Əliyev Beynəlxalq Aeroportu Pakistan Beynəlxalq Hava Yollarının (PIA) ilk sərnişin reysini qəbul edib. Bu münasibətlə Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən rəsmi tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistanın Azərbaycandakı səfir Bilal Hayee, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov, AZAL-ın vitse-prezidenti Eldar Hacıyev, PIA-nın baş direktoru Ərşad Malik, Pakistan Mülki Aviasiya Qurumunun rəhbərinin müavini Şövkat Əli və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru A.Məmmədov, AZAL-ın vitse-prezidenti E.Hacıyev, PIA-nın baş direktoru Ə.Malik, Pakistanın Azərbaycandakı səfir B.Hayee çıxış edib və Azərbaycan -  Pakistan arasında bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edən əlaqələrimizə töhfə verən birbaşa reyslərin fəaliyyətə başlamasının, eyni zamanda hər iki ölkənin aviadaşıyıcılarının gələcəkdə qarşılıqlı əməkdaşlığı nəticəsində birbaşa reyslərin sayını artmasının əhəmiyyətindən bəhs ediblər və hər iki ölkə xalqını bu münasibətlə təbrik ediblər.

Həmin gün Pakistan aviadaşıyıcısı Karaçi şəhərindən də Bakıya birbaşa uçuş həyata keçirib.

Qeyd edək ki, Pakistan aviadaşıyıcısı Karaçi və Lahor şəhərlərindən Bakıya həftədə iki dəfə birbaşa uçuşlar həyata keçirəcək.

 

 

Arxiv üzrə axtarış