Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın Sind əyalətinin valisi İmran İsmail ilə görüşüb.
Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin Sind əyalətinin valisi İmran İsmail ilə görüşüb.
Səfir Xəzər Fərhadov səmimi qəbula görə öz təşəkkürünü ifadə edərək ölkələrimiz arasındakı yüksək səviyyəli münasibətlərdən söhbət açıb və Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə hər zaman dəstəklədiyini qeyd edib. Səfir Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat-kommunikasiya dəhlizlərinin kəsişməsində yerləşdiyini bildirərək ölkəmizin həyata keçirdiyi bir sıra beynəlxalq layihələr barədə məlumatları diqqətə çatdırıb. X.Fərhadov Azərbaycanın iqtisadi potensialından da bəhs edərək iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Bu xüsusda, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının fəaliyyətinə toxunan X.Fərhadov yaradılması nəzərdə tutulan enerji, nəqliyyat, informasiya texnologiyaları, səhiyyə, bank, gənclər və turizm sahəsi üzrə işçi qruplarına da diqqət çəkib.
Sind əyalətinin valisi İmran İsmail Azərbaycan və Pakistanın qardaş ölkələr olduğunu bildirib və qarşılıqlı əlaqələrimizin bütün sahələr üzrə daha da dərinləşdirilməsinin əhəmiyyətindən bəhs edib. İki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin önəmini vurğulayan vali, Azərbaycan və Pakistan iş adamlarından ibarət nümayəndə heyətlərinin intensiv və mütəmadi şəkildə qarşılıqlı səfərlərinin təşkil olunmasının önəminə də toxunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.