2022-02-25

Pakistanda qrafik dizayn üslubunda Xocalı Soyqırımını tərənnüm edən sənət əsərinin açılış mərasimi olub

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin təşkilatçılıq dəstəyi ilə İslamabad şəhərinin ən işlək küçələrinin birində yerləşən Dövlət Politexnik İnstitutunun divarında qrafik dizayn üslubunda çəkilmiş Xocalı soyqırımına həsr olunmuş əsərin açılış mərasimi olub.

Bu münasibətlə təşkil olunan tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, səfirliyin əməkdaşları, beyin mərkəzlərinin, ali təhsil ocaqlarının müəllim və tələbələri, eləcə də bu ölkənin ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Bəhs olunan əsərdə Xocalı Soyqırımının simvolu olan Ana Fəryadı abidəsi və badam ağacı əks olunub, həmçinin “26 Fevral 1992”, “Xocalı Soyqırımı”, “İnsanlığa qarşı cinayət” ifadələri qeyd olunub.

Açılış mərasimindən sonra Səfirlik tərəfindən Dövlət Politexnik İnstitutunda Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunan seminar və foto-sərgi təşkil olunub.

Tədbirlərdə səfir Xəzər Fərhadov, Dövlət Politexnik İnstitutunun direktoru xanım Şabana Arif, Davamlı inkişaf üçün Qlobal Strateji İnstitutun icraçı direktoru, Pakistan-Azərbaycan Tələbə Assosiyasiyasının rəhbəri (PAAA) Qeysər Navab, səfirlik əməkdaşları, Dövlət Politexnik İnstitutunun şagirdləri, müxtəlif universitetlərin müəllim-tələbə heyəti iştirak ediblər.

Tədbirdən öncə Xocalıda Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi soyqırımı əks etdirən foto-sərgiyə baxış keçirilib və soyqırımı qurbanlarının əziz xatirəsinə Dövlət Politexnik İnstitutunda ağac əkilib.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən və Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Dövlət Politexnik İnstitutunun direktoru Şabana Arif çıxış edərək ermənilər tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş Xocalı soyqırımının bəşəriyyətə qarşı cinayət olduğunu bildirib və Ermənistanın işğalçılıq siyasətini qəti şəkildə pislədiyini dilə gətirib. O, Xocalı faciəsi qurbanlarını hörmətlə yad etdiyini ifadə edərək Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov çıxış edərək ermənilər tərəfindən Xocalıda Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş soyqırımın 30-cu ildönümünün anıldığını bildirib. Xocalı soyqırımı haqqında ətraflı məlumatı iştirakçıların diqqətinə çatdıran səfir X.Fərhadov, bu soyqırımın təkcə Azərbaycana qarşı yox, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu xüsusi vurğulayıb.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevral ayında Azərbaycan Respublikası Milli Məclisinin Xocalı soyqırımına hüquqi və siyasi qiymət verən xüsusi sənəd qəbul etdiyini bildirib.

Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına toxunan X.Fərhadov bu istiqamətdə Fond tərəfindən dünyada aparılan genişmiqyaslı fəaliyyətdən bəhs edib və Xocalı faciəsinin Pakistan daxil olmaqla bir sıra dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığını qeyd edib.

 

Çıxışı zamanı səfir Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin məqsədyönlü şəkildə hədəfə alınmasının Vətən müharibəsi  zamanı da davam etdirildiyini vurğulayıb, döyüşlərin getdiyi ərazilərdən uzaq məsafədə yerləşən ölkəmizin Gəncə, Bərdə və Tərtər kimi şəhərlərinin mülki əhalisi və infrastrukturunu məqsədli şəkildə hədəfə alan Ermənistanın 1992-ci ildə olduğu kimi eyni terror taktikasına əl atdığını diqqətə çatdırıb.

 

Eyni zamanda Xəzər Fərhadov Azərbaycana qarşı təcavüzü zamanı Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb.

 

Səfir Azərbaycanın beynəlxalq hüquq və normalarına əsaslanan mövqeyini hər zaman dəstəklədiyinə, eləcə də Pakistan Milli Assambleyasında, Pakistan Senatının və Assambleyanın müxtəlif daimi komitələrində, Pakistanın Xeybər Paxtunkva əyalətinin Assambleyasında Xocalı Soyqırımının tanınmasına görə Pakistan hökumətinə və xalqına təşəkkürünü bildirib və Xocalı faciəsinin qurbanlarının xatirəsini dərin ehtiramla yad edib.

 

Davamlı İnkişaf üçün Qlobal Strateji İnstitutun icraçı direktoru, Pakistan-Azərbaycan Tələbə Assosiyasiyasının rəhbəri (PAAA) Qeysər Navab və həmin İnstitutun direktoru Şakil Əhməd çıxışları zamanı Xocalı Soyqırımı barədə söhbət açaraq ermənilər tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətləri pisləyiblər. Sözügedən İnstitutun geniş işlər apararaq ermənilər tərəfindən törədilmiş Xocalı Soyqırımı barədə məlumatların bütün dünyaya çatdırılmasına töhfə verəcəklərini diqqətə çatdırıblar. Onlar Pakistan xalqının hər zaman Azərbaycan xalqının yanında olduqlarını bildirib və Xocalı soyqırımı qurbanlarını hörmətlə andıqlarını ifadə ediblər.

Tədbirdə həmçinin Xocalı soyqırımı, eləcə də Azərbaycanla bağlı əyani materiallar iştirakçılar arasında paylanıb.

Arxiv üzrə axtarış