2022-06-09

İslamabadda Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş seminar keçirilib

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən biri olan Müslim İnstitutu ilə birgə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildöünümünə həsr olunan “Azərbaycan və Pakistan münasibətləri - akademik və sosial-mədəni perspektivlər” mövzusunda seminar keçirib.

Seminarda Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Milli Məclisin üzvü, Azərbaycan Dillər Universitetinin (ADU) sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov, ADU-nun xarici mərkəzlərlə iş bölməsinin müdiri Anar Rəhimov, xarici ölkələrin Pakistandakı səfirləri və diplomatları, Pakistanın Müasir Dillər Universitetinin dosenti Dr. Sərvət Rauf, müdafiə sahəsi üzrə ekspert briqadir Əbdul Rəhman, Müslim İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Asif Tanvir Avan, eləcə də, Pakistanın ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Seminarı giriş sözüylə açan Müslim İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Asif Tanvir Avan ilk öncə qonaqları salamlayıb və Azərbaycan – Pakistan səmimi münasibətlərindən bəhs edib. Həmçinin, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə hər iki ölkə xalqını təbrik edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu vurğulayaraq ötən 30 il ərzində Azərbaycan və Pakistan əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Xəzər Fərhadov Vətən müharibəsindən söhbət açaraq 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini vurğulayıb və bu müharibə dövründə, eləcə də keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə Pakistan Hökuməti və xalqı tərəfindən ölkəmizə göstərilən siyasi və mənəvi dəstəyə görə qardaş Pakistana təşəkkürünü ifadə edib. Diplomatik münasibətlərin 30-cu ildönümü ərəfəsində Pakistan Senatı tərəfindən ilk dəfə olaraq yekdilliklə qəbul olunmuş Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyi ifadə edən, Xocalı soyqırımını qınayan, diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümünü təbrik edən, həmçinin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini təşviq edən qətnaməyə işarə edən səfir bu qətnamənin iki ölkə arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu xüsusi vurğulayıb. Səfir Azərbaycan-Pakistan münasibətlərinin daha da dərinləşdirilməsi istiqamətində işlərin aparıldığını qeyd edib və nümunə olaraq Pakistan vətəndaşları üçün asan viza sisteminin mövcud olmasını, Karaçi Lahor və İslamabaddan Bakı şəhərinə birbaşa uçuşların başlamasını, Hökumətlərarası Birgə Komissiyanın tərkibində yaradılan 10-yaxın işçi qruplarını, eləcə də hal-hazırda İslamabad Ticarət və Sənaye Palatasının 120 nəfərdən ibarət işadamlarının Bakıda işgüzar səfərdə olmasını diqqətə çatdırıb.

ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov seminarda çıxış edərək Azərbaycan və Pakistan münasibətlərindən danışıb. Pakistanın Azərbaycana 44 günlük vətən müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyin yüksək qiymətləndirildiyini bildirib və Azərbaycan-Pakistan-Türkiyə bayraqlarının ölkəmizdə dalğalandığını qonaqların diqqətinə çatdırıb. Diplomatik əlaqələrimizin qurulmasının 30-cu ildönümünün qeyd olunduğun bir zamanda Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin fəaliyyətə başladığını bildirən Novruz Məmmədov, bu Mərkəzin iki ölkə arasında elm və mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyini qeyd edib. Sonda, Novruz Məmmədov yubiley münasibətilə öz təbriklərini çatdıraraq dost və qardaş ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıqların bundan sonra da inkişaf edəcəyini əminliklə ifadə edib.

Seminarda çıxış edən Milli Məclisin üzvü, ADU-nun sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova ilk öncə Vətən müharibəsi dövründə Pakistan Hökuməti, Parlamenti və xalqı tərəfindən Azərbaycana göstərilən siyasi və mənəvi dəstəyi vurğulayıb və bu dəstəyə görə öz təşəkkürünü bildirib. Azərbaycan və Pakistanın hər zaman beynəlxalq arenada bir-birini dəstəklədiyini qeyd edən millət vəkili, keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edən 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa məhz Pakistanın sədrlik etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tamam Cəfərova ölkələrimiz arasındakı əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında hər iki ölkə rəhbərlərinin rolunu xüsusi vurğulayıb. Millət vəkili Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrdən də danışaraq bu layihələrin iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xüsusi töhfə verdiyini bildirib və Mehriban xanım Əliyevanın bu fəaliyyətlərinə görə Pakistanın ən ali dövlət mükafatı “Hilal-e-Pakistan” ordeni ilə təltif olunduğunu qeyd edib.  Azərbaycan Dillər Universitetində açılmış Pakistan Mədəniyyət Mərkəzinin və Pakistanın Müasir Dillər Universitetində fəaliyyətə başlamış Azərbaycan Dil və Mədəniyyət Mərkəzinin önəmindən bəhs edən prorektor bu Mərkəzlərin hər iki ölkə gəncləri arasında əlaqələri daha da gücləndirəcəyini, eləcə də Azərbaycan və Pakistan dillərinin və ədəbiyyatlarının öyrənilməsinə kömək edəcəyini diqqətə çatdırıb.

Tədbirin digər məruzəçiləri, Pakistanın Müasir Dillər Universitetinin professoru Dr. Sərvət Rauf, bu ölkənin müdafiə sahəsi üzrə eksperti briqadir Əbdul Rəhman da çıxışları əsnasında iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər və Pakistanın Ermənistanı işğalçılıq siyasətinə görə bir dövlət kimi tanımadığını bildiriblər. Onlar həmçinin, Azərbaycan torpaqlarının erməni işğalından azad olunması və diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıblar.

 

Arxiv üzrə axtarış