Pakistan Senatında Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı fotosərgi və ziyafət təşkil olunub
Pakistan Senatında Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə bağlı fotosərgi və ziyafətdən ibarət tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Senatının sədrinin müavini Mirzə Məhəmməd Afridi, Milli Assambleyanın spikerinin müavini Zahid Əkrəm Durani, senatorlar, millət vəkilləri, xarici ölkələrin Pakistandakı səfirləri, eləcə də bu ölkənin KİV nümayəndələri iştirak ediblər.
İlk öncə Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş fotosərginin açılışı olub və qonaqlar sərgi ilə tanış olublar.
Sərgidən sonra təşkil olunmuş ziyafətdə çıxış edən səfir Xəzər Fərhadov Azərbaycan-Pakistan diplomatik əlaqələrinin qurulmasının 30-cu ildönümünün qeyd olunduğu bildirib və bu münasibətlə öz təbriklərini çatdırıb. Hər iki ölkənin bir-birini həm ikitərəfli həm də beynəlxalq arenada dəstəklədiyini qeyd edən səfir qardaş Pakistanın istər keçmiş Dağlıq Qarabağ münaqişəsi istərsə də Vətən müharibəsi zamanı göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi diqqətə çatdırıb, eləcə də bu illər ərzində Pakistan Senatı və Assambleyası tərəfindən Azərbaycanı dəstəkləyən vacib qətnamələrin qəbul olunduğunu diqqətə çatdırıb. Azərbaycan-Pakistan əlaqələrinin ötən illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə çatdığını ifadə edən səfir əlaqələrin bu səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin rolunu xüsusi vurğulayıb. Xəzər Fərhadov Azərbaycan-Pakistan arasında qarşılıqlı həyata keçirilmiş yüksək səviyyəli səfərləri və bu səfərlərin iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsinə verdiyi töhfələri diqqətə çatdırıb. Səfir, diplomatik münasibətlərin 30-cu ildönümü ərəfəsində Pakistan-Azərbaycan arasında birbaşa müntəzəm reyslərin həyata keçirilməsinin iki dost və qardaş ölkə arasında yüksələn xəttlə inkişaf edən əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyini bildirib. Həmçinin, çıxış zamanı bu günün, yəni 15 iyun tarixinin Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunduğunu da bildirən səfir, bu tarixin önəmi barədə məlumatları qonaqların diqqətinə çatdırıb və məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın müstəqilliyini qoruyub saxladığını və ölkəmizin dünyada ən sürətlə inkişaf edən ölkələrdən birinə çevrildiyini diqqətə çatdırıb.
Pakistan Milli Assambleyasının spikerinin müavini Zahid Əkrəm Durani çıxış edərək, diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Hökumətinə, Parlamentinə və xalqına təbriklərini çatdırıb. İki ölkə arasındakı səmimi münasibətlərə toxunan spiker müavini hər iki ölkənin daima bir-birini dəstəklədiyini ifadə edib. Azərbaycanın Vətən müharibəsindən söz açan Zahid Əkrəm Durani qələbə münasibətilə ölkəmizi təbrik edib və Azərbaycanın Qələbə Gününün birinci ildönümünün Pakistan Milli Assambleyasında təntənəli şəkildə qeyd olunmasının Azərbaycan və Pakistan arasındakı qardaşlıq münasibətinin bariz nümunəsi olduğunu vurğulayıb. Spiker müavini həmçinin, iki ölkə arasında parlamentlərarası əlaqələrin səviyyəsindən məmnunluğunu bildirib və daha da dərinləşdirilməsinin vacibliyini ifadə edib.
Pakistan Senatının sədrinin müavini Mirzə Məhəmməd Afridi ilk öncə diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyi münasibətilə hər iki ölkə Hökumətini və xalqını təbrik edib. Azərbaycan və Pakistan münasibətlərinin yüksək səviyyədə olduğunu bildirən sədr müavini ölkələrimizin daima bir-birini bütün məsələlərdə dəstəkləməsindən məmnunluğunu ifadə edib. Mirzə Məhəmməd Afridi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini qeyd edərək istər keçmiş Dağlıq Qarabağ münaqişəsi istərsə də Vətən müharibəsi dövründə Pakistanın Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb, eləcə də Pakistan Senatı və Milli Assambleyası tərəfindən Azərbaycanı dəstəkləyən qətnamələrin qəbul olunduğunu vurğulayıb. Sədr müavini çıxışının sonunda ölkələrimiz arasında bütün sahələr üzrə əlaqələrin daha da gücləndirilməsinin önəmli olduğunu qeyd edib.