2022-09-05

Səfir Xəzər Fərhadov Peşəvər Universitetinin tələbələrinə “Azərbaycan-Pakistan münasibətləri” mövzusunda mühazirə oxuyub

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Peşəvər Universitetinin rektoru Prof.Dr.Məhəmməd İdris ilə görüşüb. Görüş zamanı iki ölkə universitetləri arasında təhsil sahəsi üzrə əlaqələrin daha da dərinləşdirilməsi və Peşəvər Universitetində Azərbaycanşünaslıq Mərkəzinin açılması imkanları müzakirə olunub.

Həmçinin, Xəzər Fərhadov Peşəvər Universitetinin Sosial Elmlər Fakültəsinin Beynəlxalq Münasibətlər Şöbəsində tələbələrə “Azərbaycan-Pakistan münasibətləri”, “Azərbaycan-Pakistan diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü” və “Azərbaycanın Vətən müharibəsi” mövzularında mühazirə oxuyub.

İlk öncə ölkələrimiz arasındakı mövcud səmimi münasibətlərdən bəhs edən səfir Azərbaycan-Pakistan əlaqələrinin tarixi köklərə dayandığını bildirib və bu xüsusda Bakıda yerləşən Multani karvansarayını xüsusilə qeyd edib. Xəzər Fərhadov 2022-ci ilin Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd olunduğunu ifadə edib və ötən bu illər ərzində ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib. Hər iki ölkənin bir-birini həm ikitərəfli həm də beynəlxalq arenada dəstəklədiyini vurğulayan X.Fərhadov Azərbaycanın Vətən Müharibəsindən danışıb və 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini diqqətə çatdırıb. Səfir qardaş Pakistanın Ermənistanı Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə görə dövlət kimi tanımadığını, Pakistanın istər keçmiş Dağlıq Qarabağ münaqişəsi istərsə də Vətən müharibəsi dövründə ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi xüsusi qeyd edib, eləcə də bu illər ərzində Pakistan Hökuməti, Senatı və Assambleyası tərəfindən Azərbaycanı dəstəkləyən vacib bəyanatların və qətnamələrin qəbul olunduğunu bildirib.

İki ölkə arasındakı iqtisadi əlaqələrə toxunan səfir bu istiqamətdə Azərbaycan-Pakistan Birgə Hökümətlərarası Komissiyanın fəaliyyətini, həmin Komissiyanın tərkibində yaradılmış 10 müxtəlif sahə üzrə işçi qruplarını qeyd edib, eləcə də ticarət dövriyyəsinin daha da artırılmasına xüsusi töhfə verəcək müvafiq addımların atılmasının aidiyyəti qurumlar tərəfindən həyata keçirilməkdə olduğunu bildirib. X.Fərhadov həmçinin, Azərbaycan-Pakistan arasında birbaşa uçuşların fəaliyyət göstərdiyini, Pakistanlılar üçün asan viza xidmətinin əlçatan olduğunu diqqətə çatdırıb və  sadalanan faktların ölkələrimiz arasında iqtisadi və turizm əlaqələrinin dərinləşməsinə, eləcə də xalqlarımız arasındakı əlaqələrin daha da güclənməsinə təkan verdiyini ifadə edib.

Səfir Azərbaycan-Pakistan arasındakı humanitar əlaqələrdən də söz açaraq Bakı Dövlət Universitetin Şərqşünaslıq fakultəsində urdu dili şöbəsinin, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin, Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin, Pakistan Milli Kitabxanasında Azərbaycanşünaslıq Mərkəzinin,  Pakistan Milli Kitab Fondunda Nizami Gəncəvi guşəsinin fəaliyyət göstərdiyini bildirib. Səfir X. Fərhadov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar layihələrdən də danışaraq bu layihələrin iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xüsusi töhfə verdiyini diqqətə çatdırıb.

X.Fərhadov tədbirdə həmçinin, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli xarici işlər nazirləri və parlament spikerləri formatındakı əməkdaşlıq haqqında ətraflı məlumatları da tələbələrin diqqətinə çatdırıb.

Mühazirə zamanı tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Tədbirdən sonra Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını və turizm potensialını, həmçinin Vətən Müharibəsini özündə əks etdirən müxtəlif kitablar və digər əyani materiallar universitetin kitabxanasına hədiyyə edilib.

 

Arxiv üzrə axtarış