2022-09-14

Pakistanlı nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın İnkişafın Planlaşdırılması və Xüsusi Təşəbbüslər üzrə federal naziri Ahsan İqbal Çaudri ilə görüşüb. Görüş zamanı iki qardaş ölkə arasındakı yüksək münasibətlərdən məmnunluq ifadə edilib, hər iki ölkənin bütün platformalarda bir-birini dəstəklədiyi xüsusi qeyd olunub. Həmçinin, X.Fərhadov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Hökuməti tərəfindən bu ölkəyə 2 milyon ABŞ dolları məbləğində yardım göstərildiyini diqqətə çatdıraraq ölkəmizin qardaş Pakistanla həmrəy olduğunu ifadə edib.

Səfir Xəzər Fərhadov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı erməni işğalından azad etdiyini diqqətə çatdırıb və işğaldan azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən aparılan sürətli bərpa-quruculuq işləri barədə naziri məlumatlandırıb.

Nazir ölkəmiz tərəfindən Pakistana göstərilən maddi yardıma və həmrəyliyə görə Azərbaycana dərin təşəkkürünü bildirib. Ahsan İqbal Çaudri Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə apardığı geniş miqyaslı bərpa-quruculuq işlərini yüksək qiymətləndirib və ən qısa zamanda azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmağını arzuladığını söyləyib.

Həmçinin, görüşdə iki qardaş ölkə arasında müvafiq sahədə yüksək səviyyəli səfər mübadiləsinin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Görüş zamanı digər qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

 

Arxiv üzrə axtarış