18 oktyabr – Müstəqilliyin Bərpası Günü Pakistanda qeyd olunub
18 oktyabr 2022-ci il tarixində Səfirlik tərəfindən Müstəqilliyin Bərpası Günü münasibətilə Pakistanın Müasir Dillər Universitetində (NUML) fəaliyyət göstərən Azərbaycan Dil və Mədəniyyət Mərkəzinə ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, siyasətini, eləcə də turizm potensialını özündə əks etdirən kitab və müxtəlif əyani materiallar hədiyyə edilmişdir.
Daha sonra səfir Xəzər Fərhadov universitetin müəllim-tələbə heyətinə 18 oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı məlumatlar vermişdir.
Səfir X.Fərhadov 18 oktyabr 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdiyini qeyd edərək həmin dövrdə ölkədəki vəziyyətin çox ağır olduğunu, bir tərəfdən Ermənistanın hərbi təcavüzünün davam etdiyini digər tərəfdən ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, habelə Azərbaycan dövlətçiliyi üçün ciddi təhdidlər və risklərin olduğunu bildirmişdir. Səfir, məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycana qayıtdığını və 1993-cü ildə hakimiyyətə gəldiyini vurğulamışdır. Ulu öndərin o dövrdə ölkədə hökm sürən xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldırdığını və müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığını qeyd edərək, onun apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu diqqətə çatdırmışdır. X.Fərhadov, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən siyasətin hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmiş və onun rəhbərliyi altında Azərbaycanın bütün sahələrdə dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini qeyd etmişdir.
Vətən müharibəsindən söhbət açan səfir Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Ermənistanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə 44 gündə son qoyduğunu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini, 1 milyona yaxın azərbaycanlının fundamental hüquqlarının bərpa edildiyini, eləcə də Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etdiyini diqqətə çatdırmışdır. X.Fərhadov azad edilmiş ərazilərdə ölkəmiz tərəfində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumatları da tələbələrin diqqətinə çatdırmışdır.
İkitərəfli münasibətlərə də toxunan səfir, qardaş Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu, bu illər ərzində, həmçinin keçmiş Dağlıq Qarabağ münaqişəsi, Vətən müharibəsi, eləcə də azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində Azərbaycanı daima dəstəklədiyini qeyd etmişdir.