2022-11-12

Azərbaycanın milli mətbəxi Pakistanda təqdim edilib

Azərbaycan Respublikasının Pakistandakı səfirliyində ölkəmizin milli mətbəxinin nümunələri təqdim olunub. Tədbirdə Pakistandakı xarici ölkələrin səfirlərinin həyat yoldaşları, diplomatlar, eləcə də pakistanlılar iştirak ediblər.

Ölkəmizin Pakistandakı səfirinin həyat yoldaşı Təranə Fərhadova tədbirdə çıxış edərək Azərbaycanın hər bir bölgəsinin özünəməxsus təamlarının olduğunu qeyd edib və ölkəmizin qədim və zəngin mətbəxinin nümunələri, eləcə də onların hazırlanması qaydaları barədə geniş məlumatları qonaqların diqqətinə çatdırıb.

Daha sonra qonaqlar Səfirlik tərəfindən hazırlanmış plov, dolma, Şuşa qəlyası, toyuq ləvəngi, qutab, dovğa, manqal salatı habelə Qarabağ kətəsi, Naxçıvan kökəsi, Şamaxı mütəkkəsi, Quba bükməsi, paxlava, şəkərbura və şorqoğalı dadıblar.

Tədbirdə milli mətbəximizin nümunələrindən olan dolmanın hazırlanması qaydaları iştirakçılara göstərilib.

Təqdim olunmuş yemək və şirniyyatlar qonaqlarda yüksək maraq və təəssürat yaradıb.

Tədbirdə həmçinin, ölkəmizin zəngin tarixi və mədəniyyətini, turizm potensialını əks etdirən çoxsaylı videoçarxlar da nümayiş etdirilib.

 

Arxiv üzrə axtarış