2023-01-20

Pakistanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Siyasət Tədqiqatları İnstitutu ilə birgə Pakistanda 20 yanvar şəhidlərinin anım gününə həsr olunan “Azərbaycan xalqının milli iradəsi və əzmi – 20 yanvar 1990-cı ilin anılması” adlı seminar keçirmişdir.

Seminarda müxtəlif beyin mərkəzlərinin rəhbərləri, tələbələr, xarici diplomatlar, Səfirik əməkdaşları, Pakistan ictimaiyyəti və KİV nümayəndələri iştirak etmişlər.

Hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsindən sonra 20 yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov çıxış edərək Azərbaycan tarixinə Qara Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 33 il keçdiyini bildirmişdir. X.Fərhadov SSRİ rəhbərliyinin qərəzli siyasətinə, o cümlədən yüz minlərlə azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Qarabağa qarşı əsassız ərazi iddialarına Azərbaycan xalqının etiraz səsini boğmaq, Azərbaycanın müstəqilliyə gedən yolunu güc yolu ilə yatırmaq məqsədilə o vaxtkı SSRİ rəhbərliyi tərəfindən dinc əhaliyə qarşı 20 Yanvar qırğınının törədildiyini qeyd etmişdir. Səfir, Sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını tapdalamaqla Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində 150 azərbaycanlının qəddarcasına qətlə yetirildiyini, 744 nəfərin ağır yaralandığı barədə məlumat vermişdir. X.Fərhadov 20 Yanvar faciəsinin Azərbaycan tarixinə “Qara Yanvar” kimi həkk olunmasına baxmayaraq bu hadisənin Azərbaycan xalqının azadlıq və müstəqillik mübarizəsi tarixində qəhrəmanlıq səhifəsi olduğunu vurğulamışdır. Səfir, ümummilli lider Heydər Əliyevin dərhal 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqımız ilə həmrəylik nümayiş etdirdiyini, bu cinayəti kəskin şəkildə pislədiyini, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyini vurğulamışdır. Səfir, məhz xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun birbaşa təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini bildirmişdir. Tariximizdə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olunan 1990-cı ilin 20 yanvar tarixində xalqımızın müstəqil yaşamaq uğrunda mübarizə əzminin heç bir zaman qırılmayacağının bütün dünyaya çatdırıldığını bildirən səfir, XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan 20 Yanvar hadisələrinə beynəlxalq hüquqi qiymət verilməli olduğuna diqqəti çəkmişdir. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı bütün hərəkətlərə hər zaman qətiyyətlə cavab veriləcəyini bildirən səfir Vətən müharibəsindən danışaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini xüsusi vurğulamışdır. Çıxışının sonunda Azərbaycan-Pakistan dostluq münasibətlərinə də toxunan X.Fərhadov hər iki ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü naminə canından keçən qəhrəman şəhidləri ehtiramla yad etmişdir.

Tədbirdə çıxış edən Siyasət Tədqiqatları İnstitutunun direktoru Xalid Rəhman, bu İnstitutun direktorunun müavini səfir Seyid Abrar Huseyin, Ortaq Gələcəyə Malik Cəmiyyət Naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm və Pakistanın Milli Elmlər və Texnologiya Universitetinin beynəlxalq sülh və sabitlik mərkəzinin dekanı dosent Tuqral Yamin  çıxış edərək Azərbaycan və Pakistan dostluq əlaqələrindən danışmışlar. Onlar 20 Yanvar hadisələrindən söhbət açaraq bu hadisənin Azərbaycan xalqının taleyində çox əhəmiyyətli rol oynadığını və ölkənin azadlıq mübarizəsinin simvolu olduğunu qeyd etmişlər. Çıxışçılar Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin həmişə uca tutularaq hörmətlə yad ediləcəyini bildirmişlər.

Tədbirdə 20 Yanvar hadisələri ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Arxiv üzrə axtarış