2023-02-22

Pakistanlı nazir: Ermənistanın törətdiyi Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı ali təhsil ocaqlarından olan SZABİST Universiteti ilə birgə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan "Xocalı soyqırımı: Bəşəriyyətə qarşı törədilmiş qanlı cinayət" adlı seminar və fotosərgi təşkil edib.

Tədbirdən əvvəl Xocalıda Ermənistanın törətdiyi soyqırımı əks etdirən fotosərgiyə baxış olub.

Pakistanın dövlətlər və sərhəd regionları üzrə federal naziri Məhəmməd Talha Mahmudun ali qonaq qismində qatıldığı tədbirdə SZABİST Universitetinin rəhbərliyi, müəllim-tələbə heyəti, səfirlik əməkdaşları, eləcə də Pakistanın müxtəlif beyin mərkəzlərinin və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı soyqırımı ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdə çıxış edərək XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşən Xocalı soyqırımının 31-ci ildönümünün anıldığını vurğulayıb. Tarix boyu Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində yüz minlərlə dinc sakinin qətlə yetirildiyini və doğma yurdlarından didərgin düşdüyünü xatırladan səfir Xocalı soyqırımı barədə geniş məlumatları qonaqların diqqətinə çatdırıb. X.Fərhadov məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Milli Məclisinin 1994-cü ildə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdiyini, 26 fevral tarixinin “Xocalı Soyqırımı Günü” elan olunduğunu və faciə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırıldığını vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına toxunan səfir bu istiqamətdə Fond tərəfindən dünyada aparılan genişmiqyaslı fəaliyyətdən bəhs edib və Xocalı faciəsinin Pakistan daxil olmaqla, bir sıra dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığını qeyd edib.

Səfir 44 günlük Vətən müharibəsindən də danışaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci ildə torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoyduğunu və ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini diqqətə çatdırıb.

X.Fərhadov Pakistan Milli Assambleyası və Senatı tərəfindən Xocalı soyqırımını qınayan müxtəlif qətnamələrin qəbul olunduğunu vurğulayıb, bu ölkənin Hökumətinin və Parlamentinin bütün dövrlərdə Azərbaycana göstərdiyi siyasi, mənəvi dəstəyi xüsusi qeyd edib və dəstəyə görə təşəkkürünü çatdırıb.

Pakistanın dövlətlər və sərhəd regionları üzrə federal naziri Məhəmməd Talha Mahmud Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının, sadəcə, Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı törədilən bir cinayət olduğunu vurğulayıb. Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətə görə Pakistanın Ermənistanı bir dövlət olaraq tanımadığını bildirən nazir ölkəmizi bütün sahələrdə daim dəstəklədiklərini və erməni təcavüzünü qınadıqlarını diqqətə çatdırıb. Məhəmməd Talha Mahmud Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etdiyini vurğulayaraq həmin dövrdə Pakistanın ölkəmizə siyasi və mənəvi dəstək göstərdiyini bildirib, bundan sonra da qardaş Azərbaycanın yanında olacaqlarını qeyd edib. Nazir çıxışının sonunda Xocalı qurbanlarını ehtiramla yad etdiyini və Azərbaycan xalqı ilə həmrəy olduğunu bir daha vurğulayıb.

Seminarda çıxış edən SZABİST Universitetinin İslamabad kampusunun rəhbəri Xuşro Pərviz Xan, həmin universitetin sosial elmlər və diplomatik araşdırmalar fakültəsinin direktoru Tariq Vahid və Pakistanın Davamlı inkişaf üçün Qlobal Strateji İnstitutun icraçı direktoru Məhəmməd Şakil Əhməd Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımının bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olduğunu vurğulayıblar. Onlar 613 günahsız insanın qəddarcasına qətlə yetirildiyini təəssüflə qeyd edib və beynəlxalq ictimaiyyəti bu mənfur əməllərə görə Ermənistanı qınamağa çağırıblar.

Sonda Xocalı soyqırımı ilə bağlı kitablar və informativ bukletlər, eləcə də Azərbaycanın tarixini, mədəniyyətini və Azərbaycan-Pakistan münasibətlərini əks etdirən müxtəlif materiallar universitetin kitabxanasına hədiyyə olunub.

Arxiv üzrə axtarış