Pakistanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə tədbirlər təşkil olunub
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyi bu ölkənin aparıcı ali təhsil ocaqlarından olan Allama İqbal Universitetində Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş fotosərgi keçirib. Fotosərgidə Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov, Allama İqbal Universitetinin rektoru Nəsir Mahmud, universitetin müəllim-tələbə heyəti və Pakistan KİV-ləri iştirak edib. Sözügedən sərgidə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Pakistana rəsmi səfərini əks etdirən fotolar nümayiş olunub.
Fotosərgidən sonra Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov tərəfindən Allama İqbal Universitetinin müəllim-tələbə heyətinə “Azərbaycan-Pakistan əlaqələrinin inkişafının təməlinin qoyulmasında Heydər Əliyevin rolu” mövzusunda mühazirə oxunub. Səfir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi müasir dünya tarixində parlaq və silinməz iz qoyduğunu bildirib və Ulu Öndərin Azərbaycan SSR-yə rəhbərlik etdiyi dövrdən söhbət açaraq məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkənin iqtisadiyyatında, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahələrində böyük uğurlar əldə etdiyini, çoxsaylı sənaye müəssisələrinin, mədəniyyət və təhsil ocaqlarının, tibb müəssisələrinin inşa edildiyini, yeni yaşayış massivlərinin salındığını, yolların tikildiyini, habelə ucqar rayonlara qaz xətlərinin çəkildiyini vurğulayıb. Səfir Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməlinin qoyulduğunu, azərbaycançılıq ideologiyasının yüksəlməyə başladığını, kadrların milliləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü, eləcə də yüzlərlə azərbaycanlı gəncin SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərildiyini diqqətə çatdırıb. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsinin də məhz Ulu Öndər Heydər Əliyevin xidmətləri olduğunu xüsusi vurğulayıb. Heydər Əliyevin SSRİ rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması ilə bağlı məlumatlardan da danışıb və 1987-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdiyini bildirib.
1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən söz açan səfir, 1991-1993-cü illərdə ölkənin vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi astanasında olduğunu, habelə Azərbaycanda iqtisadi və siyasi qeyri-sabitliyin hökm sürdüyünü qeyd edib. O, Heydər Əliyevin müstəqilliyimizin ən ağır vaxtında xalqın tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə yenidən gəldiyini diqqətə çatdırıb və ölkədə xaos və anarxiyanı, iqtisadi və siyasi çətinlikləri aradan qaldıraraq Azərbaycanın müstəqilliyini əbədi etdiyini bildirib.
X.Fərhadov Əsrin Müqaviləsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və digər beynəlxalq əhəmiyyətli layihələrdən danışaraq Ümummilli Liderin müdrik siyasəti nəticəsində ölkəmizdə yüksək templi sosial-iqtisadi inkişafın təmin olunduğunu və Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə güclü mövqeyə malik ölkəyə çevrildiyini qeyd edib.
Çıxışı əsnasında Azərbaycan-Pakistan münasibətlərinə toxunan səfir, iki ölkə əlaqələrinin inkişafının təməlinin məhz Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Heydər Əliyevin Pakistana böyük əhəmiyyət verdiyini bildirən səfir Ümummilli Liderin 1996-cı ildə Pakistana etdiyi rəsmi səfəri xatırladıb və həmin səfərin Azərbaycan-Pakistan münasibətlərinin inkişafında xüsusi rol oynadığını diqqətə çatdırıb.
X.Fərhadov əsası Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Pakistan münasibətlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də xüsusi əhəmiyyət verildiyini qeyd edib və bu diqqətin bariz nümunəsi olaraq iki ölkə arasındakı yüksək səviyyəli əməkdaşlıq əlaqələrini göstərib.
Mühazirə zamanı iştirakçıları maraqlandıran çoxsaylı suallar da cavablandırılıb.