Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 105 illik yubileyi Pakistanda təntənəli şəkildə qeyd olunub.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 105 illik yubileyi Pakistanda təntənəli şəkildə qeyd olunub.
Səfirliyin nəzdindəki hərbi attaşe aparatı tərəfindən təşkil olunan təntənəli rəsmi qəbula Pakistan Hərbi Hava Qüvvələri Komandanının müavini, aviasiya marşalı İrfan Əhməd ali qonaq qismində qatılıb. Pakistanın tanınmış ictimai-siyasi xadimləri, İslamabadda akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Pakistan ordusunun yüksək rütbəli zabitləri, mətbuat nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlılar, səfirliyinin əməkdaşları və onların ailə üzvləri də rəsmi qəbulda iştirak ediblər.
Səfir Xəzər Fərhadov tədbirdə çıxış edərək Azərbaycan Silahlı Qüvvələrinin tarixi haqqında iştirakçılara məlumat verib, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ölkəmizdə ilk milli diviziyanın yaradıldığını bildirib.
Diplomat 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ermənistanın hərbi təcavüzü və vətəndaş müharibəsinin getdiyi bir vaxta xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin ölkədəki xaos və anarxiyanı aradan qaldırdığını, iqtisadi-siyasi sabitliyi təmin etdiyini diqqətə çatdırıb. Məhz Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da böyük uğurların qazanıldığı qeyd edilib.
X.Fərhadov Ümummilli Lider Heydər Əliyevin siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O, yüksək döyüş hazırlığına malik və müasir silahlarla təchiz edilən Azərbaycan Silahlı Qüvvələrinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb. Bildirilib ki, Ermənistanın otuz ilə yaxın müddətdə işğal altında saxladığı torpaqlarımız bu Qələbə nəticəsində azad edildi. Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi ən müasir döyüş strategiyası və taktikası dünyanın qabaqcıl hərbi təhsil müəssisələrində dərindən təhlil edilir və öyrənilir.
Diplomat işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə iştirakçılara ətraflı məlumat verib.
Səfir Prezident İlham Əliyevin Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini və ikitərəfli əməkdaşlığın gündən-günə inkişaf etdiyini vurğulayıb. O, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Respublikasına sonuncu rəsmi səfərini xatırladaraq, yüksək səviyyədə keçən bu səfər çərçivəsində iqtisadi-ticari, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə dair mühüm məsələlərin müzakirə olunduğunu bildirib.
X.Fərhadov Azərbaycan ilə Pakistan arasında digər sahələrdə olduğu kimi, ikitərəfli hərbi əlaqələrin də yüksələn templə inkişaf etdiyini, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin Pakistandakı hərbi attaşesi Mehman Novruzov tədbirdə çıxış edərək Azərbaycan ordusunun yaranma tarixi, keçdiyi yol və Vətən Müharibəsində qazandığı qələbə barədə məlumatları qonaqların diqqətinə çatdırmışdır.
Çıxışlardan sonra Pakistan Silahlı Qüvvələrinin Hərbi Orkestri tərəfindən hər iki ölkənin Dövlət himnləri, Azərbaycan, Pakistan və Türkiyənin hərbi marşları ifa edilib.
Rəsmi qəbulun keçirildiyi salonda Azərbaycanın tarixini, mədəniyyətini və turizm potensialını əks etdirən fotosərgi də açılıb.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığına və hərbi gücünə, Vətən müharibəsində şanlı Zəfərə və ölkəmizin iqtisadi uğurlarına dair videoçarxlar da nümayiş etdirilib.
Rəsmi qəbul Pakistanın televiziya kanalları və nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.