UEFA Avropa Liqasının 2019-cu ildə Bakıda keçiriləcək final oyunu
Azərbaycan Respublikası Prezidentinin UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında 1028 nömrəli, 11 mart 2019-cu il tarixli Sərəncamına əsasən, əcnəbi və vətəndaşlığı olmayan şəxslər 2019-cu il mayın 15-dən iyunun 1-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər. Viza verilməsi üçün aşağıdakı sənədlərdən biri əsas hesab edilir:
- Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;
- Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;
- UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyununa bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd;
UEFA Avropa Liqasının 2019-cu ildə Bakı şəhərində keçiriləcək final oyunu ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə (94 ölkə) “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı olacaqdır. Elektron vizanın alınması Sistemin internet informasiya ehtiyatı (www.evisa.gov.az) üzərindən həyata keçirilir. Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron viza almaq üçün müraciətlərinə 3 iş günü müddətində, sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət edildikdə isə 3 saat ərzində baxılır.