2016-09-07

Ali təhsil almaq istəyən azərbaycanlıları Pakistanda qəbul etməyə hazırıq

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan İslam Respublikasının federal təhsil və professional təlim üzrə dövlət naziri Məhəmməd Baliğ-ur Rəhmanla görüşmüşdür.

Səfir Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar haqqında nazirə məlumat verərək, qardaş ölkə olan Pakistan İslam Respublikası vətəndaşlarının Azərbaycanda təhsil almalarına münbit şəraitin və müasir infrastrukturun olduğunu, onların sayının ilbəil artdığını qeyd etmişdir.  Ali təhsil sahəsində əlaqələrin inkişafında daha çox  imkanların mövcud olduğunu bildirən səfir bu sahədə müqavilə-hüquq bazasının yenilənməsi və artırılması istiqamətində aparılan işlərin yekunlaşmaq üzrə olduğunu əlavə etmişdir. Əli Əlizadə azərbaycanlı tələbələrin də Pakistanın yüksək təhsil müəssisələrində təhsil almaları üçün əlverişli şərait olduğunu və bu istiqamətdə də işlərin aparıldığını, Səfirliyin hər iki ölkənin tələbələrinə köməklik göstərməyə hazır olduğunu qeyd etmişdir.

Nazir Məhəmməd Baliğ-ur Rəhman Bakıya etdiyi səfərlərini, keçirdiyi səmimi görüşlərini, Azərbaycanda şahidi olduğu sosial-iqtisadi inkişafı xatırlatmış, Pakistanla Azərbaycanın bir birinə sıx bağlı olan iki qardaş ölkə olduğunu bildirmişdir. Azərbaycanın Təhsil Nazirliyi və digər aidiyyəti qurumları ilə yaxşı əlaqələrinin olduğunu bidirən nazir, Pakistanın son illər müxtəlif sahələrdə əldə etdiyi inkişafından danışmış, ali təhsil almaq istəyən azərbaycanlıların Pakistanda qəbul etməyə hazır olduqlarını qeyd etmişdir. Universitetlərarası əlaqələrin və tələbə mübadiləsi sahəsində işlərin artırılması önəmindən danışan nazir, iki ölkənin aidiyyəti qurumları arasında təhsil sahəsində müqavilə-hüquq bazasının artırılması üçün təqdim olunan və hal-hazırda Pakistan tərəfində yekunlaşdırılmaq üzrə olan layihələrin başa çatdırılmasının əlaqələrin inkişafına öz müsbət təsirini  göstərəcəyini bildirmişdir.

Görüşdə həmçinin, Azərbaycan və Pakistanın bir-birinə mütəmadi göstərdiyi dəstəkdən məmnunluq ifadə olunmuş, Azərbaycan-Pakistan münasibətlərinin inkişafında iki ölkə rəhbərlərinin xüsusi rolu, həmçinin, Azərbaycanın H.Əliyev Fondunun da əməyi qeyd edilmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Müzəffərabad şəhərində məktəbin tikilməsi kimi görülən işlərin, Pakistanın müxtəlif bölgələrində, o cümlədən təhsil müəssisələrində də həyata keçirilən hümanitar və sosial yönümlü layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyi vurğulanmışdır.

 

Arxiv üzrə axtarış