2019-05-03

Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda “Azərbaycanşünaslıq Mərkəzi” fəaliyyətə başlayıb

Pakistanın paytaxtı İslamabadda şəhərində yerləşən Pakistan Milli Kitabxanasında “Azərbaycanşünaslıq Mərkəzi”nin açılış mərasimi keçirilib, Heydər Əliyev güşəsi yenilərənərək istifadəyə verilib.

Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə ittifah olunan “Azərbaycanşünaslıq Mərkəzi”nin açılış mərasimində ali qonaq qismində Pakistanın federal təhsil və peşəkar təlim, eləcə də milli tarix və ədəbi irs üzrə federal naziri Şəfqət Mahmud, həmçinin, Pakistanın milli tarix və ədəbi irs üzrə federal katibi Əmir Həsən, bir sıra xarici ölkələrin Pakistandakı səfirləri, diplomatları, media mənsubları, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.

Azərbaycan və Pakistanın dövlət himnlərinin səsləndirilməsindən sonra mərasimi açıq elan edən Pakistanın milli tarix və ədəbi irs üzrə federal katibi Əmir Həsən Azərbaycan və Pakistanın tarixi və mədəni dostluq münasibətlərinə malik olduğunu, hər iki ölkənin mədəniyyətinin, tarixinin, xalqların həyat tərzinin öyrənilməsinin əhəmiyyətini vurğulayaraq pakistanlıların Azərbaycanı daha yaxşı öyrənməsi istiqamətində Azərbaycanşünaslıq Mərkəzinin önəmli rol oynayacayını bildirib.

Pakistan Milli Kitabxanasında Azərbaycanşünaslıq Mərkəzinin təsisi üçün əlverişli şərait yaratdığına görə Pakistan hökumətinə təşəkkürlərini ifadə edən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Mərkəzin ilk olaraq Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin daha da güclənməsinə, iki ölkə arasındakı əlaqələrin təşviqinə xidmət edəcəyini diqqətə çatdırıb. Səfir Azərbaycanşünaslıq Mərkəzinin həmçinin tədqiqatçıların, alimlərin, gənclərin və ictimaiyyətin digər nümayəndələrinin Azərbaycanın tarixi, mədəniyyəti, irsi, siyasi nailiyyətləri və sosial-iqtisadi inkişafı barədə daha dolğun və etibarlı məlumat almasına kömək edəcəyini, bununla da Azərbaycan-Pakistan əlaqələrinə öz töhfəsini verəcəyini qeyd edib.

Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi sosial və humanitar layihələr haqqında iştirakçılara məlumat verən Əli Əlizadə, Fondun Azərbaycanşünaslıq Mərkəzini kompüter, televizor, eləcə də digər müvafiq avadanlıqlarla, kitab və müxtəlif əyani materiallarla təmin etdiyini, Fond tərəfindən Azərbaycana aid dərc olunan yeni kitab və nəşrlərin müntəzəm olaraq mərkəzə göndəriləcəyini qeyd edib, davamlı dəstəyə görə Heydər Əliyev Fonduna və rəhbərliyinə təşəkkürünü çatdırıb.

Səfir Azərbaycanın Ümummilli liderinin ölkəmiz və xalqımız qarşısındakı xidmətlərindən bəhs edərək, Azərbaycanşünaslıq Mərkəzinin onun doğumunun 96-cı ildönümünə həsr olunduğunu, Pakistan Milli Kitabxanasında mövcud olan Heydər Əliyev guşəsinin də təmir edilərək yeniləndiyini, Fondun təqdim etdiyi ulu öndərə aid yeni kitab və materiallarla təchiz edildiyini, bu guşənin də Ümummilli liderin həyat və fəaliyyəti haqqında daha çox bilgi əldə etmək istəyən istifadəçilərə xidmət edəcəyini sözlərinə əlavə edib. Səfir sonda ictimaiyyət nümayəndələrini Mərkəzin imkanlarından faydalanmağa dəvət edib.

Tədbirin ali qonağı, Pakistanın federal təhsil, peşəkar təlim, eləcə də milli tarix və ədəbi irs üzrə federal naziri Şəfqət Mahmud çıxışında Azərbaycan-Pakistan əlaqələrinin möhkəm təmələ söykəndiyini qeyd edərək, Azərbaycanşünaslıq Mərkəzinin təsisini mühüm addım kimi qiymətləndirib. Nazir 20 il əvvəl Azərbaycana etdiyi səfərini xatırladaraq, bu ölkənin daim tərəqqiyə imza atdığını və regionun önəmli ölkələrindən birinə çevrildiyini bildirib.

Yekunda Pakistan Milli Kitabxanasının baş direktoru Qayur Hüseyn Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasına görə Azərbaycan Hökumətinə və Heydər Əliyev Fonduna öz təşəkkürlərini ifadə edib.

Çıxışlardan sonra Azərbaycanşünaslıq Mərkəzinin açılışını bildirən rəmzi lent kəsilib və mərkəz ictimaiyyətin istifadəsinə verilib. Mərkəz Azərbaycanın umummili lideri və digər görkəmli şəxsiyyətlərinə dair kitablar, məlumatlar, fotoşəkillər, Azərbaycana, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin törətdiyi fəsadlara, Azərbaycanın tarixi, elmi və mədəniyyəti, turizmi, milli irsi, siyasi quruluşu, sosial-iqtisadi inkişafına dair nəfis kitablar, bukletlər, dvd, cd, xəritə, şəkillər və digər müxtəlif əyani materiallarla, eləcə də elektron avadanlıqlarla təhciz edilib.

Arxiv üzrə axtarış