2019-11-24

Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargahında Azərbaycan Respublikasının yubiley medalının təqdim olunma mərasimi keçirilib

Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayat, Pakistan ordusunun generalları, yüksək rütbəli zabitləri və Azərbycan Resüpublikasının Pakistandakı səfirliyinin kollektivi iştirak ediblər.

Hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsindən sonra mərasimdə çıxış edən Azərbaycan Respulikasının Pakistandakı səfiri Əli Əlizadə Azərbaycanla Pakistan arasında mövcüd olan ortaq bağlardan, səmimi dostluqdan və strateji tərəfdaşlıqdan söhbət açıb, hər iki ölkə rəhbərliyinin diqqət və qayğısı, xalqlarımızın dostluğu nəticəsində təşəkkül tapmış bu qardaşlıq münasibətlərinin müdafiə, təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrinə də sirayət etdiyini bildirib. Səfir hərbi və hərbi texniki əməkdaşlıq sahəsində bir sıra yeni layihələrin, təlimlərin, təcrübə mübadiləsinin həyata keçirildiyini və əlaqələrin yüksələn istiqamətdə inkişaf etdiyini vurğulayaraq, bu əməkdaşlığın gücləndirilməsində hər iki ölkənin Silahlı Qüvvələrinin, o cümlədən Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin və onun sədrinin böyük rolunun olduğunu diqqətə çatdırıb.

Səfir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq sərancamı ilə Azərbaycan Respublikası ilə əlaqələrin inkişafında və gücləndirilməsindəki xüsusi xidmətlərinə görə Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatın “Azərbaycan Respublikası Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yibiley medalı ilə təltif olunduğunu və bu medalı general Zubair Mahmud Hayata təqdim etməkdən böyük məmnuniyyət hissi duyduğunu bildirib.

Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayat Pakistanın qardaş Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, Dağlıq Qarabağ və Kəşmir məsələsində hər iki ölkənin bir birini daim dəstəklədiyini, Pakistanın Ermənistanı bir dövlət olaraq tanımadığını və BMT qətnamələrinin icrasının qeyd-şərtsiz təmin olunması gərəkdiyini diqqətə çatdırıb. Ordu generalı Zübair Mahmud Hayat Azərbaycana həyata keçirilən səfərlərini, Azərbaycan Respublikasının Prezidenti tərəfindən səmimi qəbul edilməsini, məsləkdaşları ilə görüşlərini xatırladaraq iki ölkə arasındakı hərbi əlaqələrin inkişafından məmnun olduğunu və bu inkişafın davam etdiriləcəyini vurğulayıb. “Azərbaycan Respublikasının Diplomatik Xidmət Orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yibiley medalı ilə təltif olunmasından şərəf duyduğunu bildirən general Zubair Mahmud Hayat, təşəkkürlərinin Azərbaycan Respublikasının rəhbərlyinə və hökümətinə, Azərbaycan Respublikasının Xari İşlər Nazirliyinə çatdırılmasını xahiş edib.

Təqdimatdan sonra xatirə şəkilləri çəkilib, Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin hərbi orkestrinin ifasında Azərbaycan və Pakistanın hərbi marşları, musiqiləri ifa edilib.

 

Arxiv üzrə axtarış