2020-03-10

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyində Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.

Pakistan dövlət orqanlarının məsul şəxslərinin, millət vəkillərinin, xarici ölkələrin Pakistandakı səfirlərinin, diplomatların, ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanın mədəniyyətini, milli və mənəvi dəyərlərini, habelə mətbəxini təcəssüm etdirən nümunələr iştirakçılara təqdim olunub. 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Azərbaycanın təşəbbüsü və Novruz bayramını qeyd edən digər ölkələrin bu təşəbbüsə qoşulması ilə 2010-cu ildə 21 Mart tarixinin BMT Baş Məclisi tərəfindən "Beynəlxalq Novruz Günü" kimi elan edildiyini və bu bayramın uzun əsrlərdən bəri Azərbaycanda hər il təntənəli sürətdə qeyd olunduğunu, qədim tarixi köklərə və mədəni dəyərlərə bağlandığını bildirmiş və qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Səfir Azərbaycanda Novruzla bağlı formalaşmış milli adət ənənələr haqqında da məlumat verərək, baharın gəlişi və təbiətin yenilənməsi ilə səciyyələnən bu bayramın ölkəmizdə bir ay öncədən təbiətin 4 ünsürü olan su, od, külək və torpaq çərşənbələri vasitəsilə müxtəlif el şənlikləri və mərasimlərlə qeyd olunmasına başlandığını və xalqımızın öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini diqqətə çatdımışdır.  

Tədbirdə Novruz adət ənənələri ilə bağlı videoçarxlar nümayiş olunmuş, Azərbaycan milli musiqiləri səsləndirilmiş, milli mətbəx nümunələrindən şəkərbura, paxlava, qoğal, dolma, ləvəngi, plov və digər təamlar da qonaqlara təqdim olunmuşdur.

Arxiv üzrə axtarış